2026-cı il FIFA Dünya Kuboku çərçivəsində Mərakeş və Braziliya arasında keçiriləcək oyundan əvvəl Mərakeş milli futbol komandasının sosial media hesabında futbolçuların dua edərkən səcdə vəziyyətində olduğu foto paylaşılıb. Paylaşımda “İnşallah qələbə” ifadəsinə yer verilib.
Korrekt.az xəbər verir ki, Mərakeş milli futbol komandası tərəfindən edilən bu paylaşım komandanın motivasiya və inam mesajı kimi təqdim olunub və sosial şəbəkələrdə geniş yayılıb.
Lakin Niderlandlı məşhur siyasətçi Gert Vilders həmin paylaşımı tənqid edib. O, paylaşımı öz sosial media hesabında yenidən paylaşaraq İslam dininə dair sərt ifadələr işlədib.
Bu reaksiyalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi siyasətçinin açıqlamasını tənqid edərək dini dəyərlərə qarşı hörmətsizlik kimi qiymətləndirib.
Qeyd edək ki, Gert Vilders daha əvvəl də İslam və müsəlman icmaları ilə bağlı mübahisəli açıqlamaları ilə gündəmə gəlib. Onun bu tip bəyanatları həm Niderlandda, həm də beynəlxalq səviyyədə müxtəlif reaksiyalar doğurub.





















