Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İŞİD terror təşkilatının qondarma Xorasan əyalətinin media və təbliğat strukturuna qarşı əməliyyat keçirib. Əməliyyat nəticəsində təşkilatın Türkiyə üzrə media rəhbəri olduğu iddia edilən “Əbu Ubeydə” və ya “Əbu İbrahim” kod adlı Əhməd Kazancı sərhəd bölgəsində saxlanılaraq Türkiyəyə gətirilib.
Korrekt.az xəbər verir ki, təhlükəsizlik mənbələrinin məlumatına görə, MİT-in apardığı araşdırmalar zamanı Əhməd Kazancının qanunsuz yollarla Türkiyədən Əfqanıstan-Pakistan bölgəsinə keçdiyi, burada İŞİD-in Xorasan strukturuna qoşulduğu və təşkilatın düşərgələrində fəaliyyət göstərdiyi müəyyən edilib.
Kəşfiyyat məlumatlarına əsasən, Kazancının daha əvvəl Pakistanda saxlanılaraq Türkiyəyə gətirilən və İŞİD-in Türkiyə üzrə media rəhbəri olduğu iddia edilən “Əbu Yasir əl-Türki” ləqəbli Özgür Altunla sıx əməkdaşlıq etdiyi müəyyənləşdirilib. Bildirilir ki, Altunun tutulmasından sonra onun təşkilat daxilindəki vəzifələrini Əhməd Kazancı öz üzərinə götürüb və fəaliyyətini davam etdirib.
Məlumata görə, MİT tərəfindən izlənilən Kazancı Pakistanda İŞİD üzvlərinə qarşı həyata keçirilən hava zərbələrindən sağ çıxıb. Daha sonra o, təşkilati fəaliyyətlərini və yeni üzvlərin cəlb olunmasını davam etdirmək məqsədilə qanunsuz yollarla Türkiyəyə keçməyi planlaşdırıb.
Əldə olunan məlumatlar əsasında MİT tərəfindən keçirilən xüsusi əməliyyat zamanı Kazancı sərhəd bölgəsində saxlanılıb.
Türkiyə təhlükəsizlik qurumlarının məlumatına görə, saxlanıldıqdan sonra verdiyi ifadədə Əhməd Kazancı təşkilat daxilindəki fəaliyyəti barədə ətraflı məlumat təqdim edib. O, Özgür Altunla əlaqələrini, Türkiyədən bölgəyə döyüşçü transferi prosesini, İŞİD düşərgələrində aldığı hərbi və dini hazırlığı, eləcə də təşkilatın media və təbliğat strukturundakı fəaliyyətini etiraf edib.
Məlumatda vurğulanır ki, keçirilən əməliyyat nəticəsində İŞİD-in Türkiyəyə qarşı mümkün planlarının qarşısı alınıb, təşkilatın üzv toplama şəbəkəsi barədə mühüm məlumatlar əldə edilib və müxtəlif sənədlər müsadirə olunub.





















