image-1backend

Moskvadan qəribə AÇIQLAMA – “Bakı və İrəvan lazım bilsə…”

image-ads-728x90

Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş razılaşmaların qüvvədə qaldığını bəyan edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Prezident İlham Əliyev və Baş naziri Nikol Paşinyanın son görüşünü şərh edərkən danışıb.

TASS-ın məlumatına görə, Zaxarova Moskva Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinin davam etdirilməsini dəstəkləyir. Onun sözlərinə görə, iki ölkə arasında dayanıqlı sülhün təmin olunması Cənubi Qafqazın sabitliyi və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. “Bakı və İrəvan arasında davamlı sülh bütün Cənubi Qafqazda sabitlik və rifah üçün əsas amillərdən biridir. Və bu, təkcə dövlətlərin özlərinin deyil, həm də onların yaxın qonşularının – Rusiya, İran və Türkiyənin də maraqlarına uyğundur”, – deyə Zaxarova vurğulayıb.

Rusiya XİN rəsmisi qeyd edib ki, Bakı və İrəvan hazırda münasibətlərin normallaşdırılması ilə bağlı məsələləri birbaşa müzakirə etməyə üstünlük verir. Moskva tərəflərin bu yanaşmasına hörmətlə yanaşdığını, eyni zamanda, ehtiyac yaranacağı təqdirdə sülh prosesinə və ikitərəfli əməkdaşlığa dəstək göstərməyə hazır olduğunu bildirib.

Sonuncu cümlə Moskvanın hələ də vasitəçiliyə ümidindən və həsrətindən xəbər verir. Görünür, Rusiya hansısa səbəb axtarır ki, tərəflər arasında yenə də moderator kimi özünü göstərsin. Ancaq neçə ildir ki, proseslər Rusiyasız inkişaf edir. Yəni, Moskva, Soçi görüşləri artıq tarixə çevrilib. İndi elə bir zərurət də yoxdur ki, üçüncü tərəf bizi görüşdürsün. Liderlər və rəsmi şəxslər istədiyi vaxt təmas qura bilirlər. Üstəlik, bir mübahisəli məsələ də qalmayıb ki, Rusiya onun həllində rol oynasın. Sadəcə, yeni konstitusiyanın qəbulunu gözləyirik və bununla da sülh müqaviləsi bağlansın.

Rəsmi Moskva “dəstək verməyə hazırıq” bəyanatı ilə nə dərəcədə səmimidir? Rusiyanın normallaşma prosesində töhfə verəcəyi hansısa qeyri-müəyyən məsələ qalıbmı?

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib ki, bu açıqlama ilk baxışdan adi diplomatik nəzakət qaydasında verilən şərh xarakteri daşıyır: “Lakin açıqlamada səslənən sonuncu fikir bir qədər fərqli yozumlara əsas verir. Zaxarova açıqlamanın sonunda qeyd edir ki, Bakı və İrəvan məsələləri birbaşa müzakirə etməyə üstünlük verir, Moskva buna hörmətlə yanaşır, amma “ehtiyac yaranacağı təqdirdə” sülh prosesinə dəstək göstərməyə hazırdır. Bu ifadə Kremlin hələ də vasitəçilik ümidindən, daha doğrusu, vasitəçilik həsrətindən əl çəkmədiyini göstərir. Görünür, Rusiya hansısa bəhanə axtarır ki, tərəflər arasında yenidən moderator kimi özünü göstərməyə cəhd etsin”.

Onun fikrincə, Rusiyanın vasitəçilik missiyası bədnam Minsk qrupu həmsədrlərinin fəaliyyəti kimi artıq tarixə çevrilib: “Liderlər və rəsmi şəxslər istədikləri vaxt, istədikləri formatda təmas qura bilirlər. Daha önəmlisi, birbaşa dialoq artıq sözdə deyil, əməldə nəticə verir. Dublin görüşündə qeyd olunduğu kimi, ötən ilin noyabrından bəri Azərbaycan ərazisindən Ermənistana 105 min ton yük daşınıb. Otuz il bir-birinə sərhəd bağlayan iki ölkə üçün bu, simvolik deyil, real göstəricidir. Və bu göstəriciyə Moskvanın vasitəçiliyi ilə deyil, onun iştirakı olmadan nail olunub. Bundan başqa, bu gün Azərbaycanla Ermənistan arasında elə bir mübahisəli məsələ də qalmayıb ki, Rusiya onun həllində hər hansı rol oynasın. Sülh sazişinin mətni hələ ötən il Vaşinqtonda paraflanıb”.

Mütəxəssis bildirib ki, Zaxarova sülhün təkcə Bakı və İrəvanın deyil, həm də yaxın qonşular – Rusiya, İran və Türkiyənin də maraqlarına uyğun olduğunu bildirir: “Göründüyü kimi, bu siyahıda sülh prosesinə real töhfə vermiş ABŞ, həmçinin Avropa yoxdur. Bunu təsadüfi saymaq son dərəcə bəsit olardı. Hələ Vaşinqton sammitindən sonra Zaxarova yekun nizamlanmanın Moskvanın rəyi nəzərə alınmaqla aparılmalı olduğunu, normallaşmanın indiki mərhələsinin 2020-ci il 9 noyabr bəyanatı ilə məhz Rusiyanın “mərkəzi rolu” sayəsində başladığını xatırlatmışdı. Yəni, Kremlin xətti dəyişməyib. Regional məsələlər regional formatda – yəni rəsmi Moskvanın iştirak etdiyi “3+3” kimi platformalarda – həll olunmalı, Qərbin isə bu prosesdə yeri olmamalıdır. Bu baxımdan “dəstək verməyə hazırıq” bəyanatını sülhə səmimi töhfə arzusu kimi deyil, Güney Qafqazda itirilməkdə olan geosiyasi nüfuzun geri qaytarılması uğrunda növbəti uğursuz cəhd kimi qiymətləndirmək daha düzgün olardı”.

Q.Əlibəylinin sözlərinə görə, Güney Qafqazdakı proseslərə rəsmi Moskvanın töhfə verə biləcəyi, yaxud müdaxilə üçün bəhanə kimi istifadə edə biləcəyi qeyri-müəyyən məsələlər siyasi baxımdan olmasa da, texniki və praktik baxımdan Kremlin hələ də istinad edəcəyi bir neçə məqam qalır:

“Birincisi, kommunikasiyalar məsələsi. 2020-ci il 10 noyabr bəyanatının doqquzuncu bəndi nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidmətinə həvalə edirdi. TRIPP layihəsi ABŞ-ın iştirakı ilə gündəmə gəldikdən sonra bu bənd faktiki olaraq aktuallığını itirib, lakin Moskva rəsmi sənədə formal baxımdan istinad etmək imkanını saxlayır və son dövrlər bunu tez-tez xatırladır.

İkincisi, Ermənistanın dəmir yolu infrastrukturu. Ölkənin dəmir yolları uzun illərdir Rusiya Dəmir Yollarının törəmə şirkətinin konsessiyasındadır. Zəngəzur istiqamətində istənilən dəmir yolu bağlantısı texniki olaraq bu məsələyə toxunur və konsessiyanın taleyi hələ də aydınlaşdırılmalı olan mövzulardandır.

Üçüncüsü, delimitasiya prosesi. Sovet dövrünə aid xəritələrin bir hissəsinin Moskva arxivlərində saxlanılması Rusiyaya bu sahədə “məsləhətçi” rolu iddia üçün ümid yaradır.

Dördüncüsü, Ermənistanın Avrasiya İqtisadi Birliyində iştirakı və Rusiya sərhədçilərinin bu ölkənin İran və Türkiyə ilə sərhədlərində hələ də mövcudluğu Moskvaya regional nəqliyyat və ticarət layihələrinə təsir göstərmək üçün müəyyən imkanlar yaradır. Amma bir məqamı nəzərə almaq lazımdır. Bu rıçaqların heç biri sülhü irəli aparmaq üçün deyil, lazım gələrsə onu ləngitmək üçün yararlıdır. Başqa sözlə, Rusiyanın normallaşma prosesinə verə biləcəyi ən böyük töhfə müdaxilə etmək deyil, mane olmamaqdır”.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki