image-1backend

Ermənistanda Paşinyanın istefası və müvəqqəti hökumətin yaradılması təklif olunur

image-ads-728x90

Ermənistanda Nikol Paşinyan hökumətinin siyasətinə qarşı çıxan “Hayekve” milli vətəndaş birliyi baş nazirin istefasını və ölkədə müvəqqəti hökumətin yaradılmasını təklif edib.

Korrekt.az xəbər verir ki, bu barədə təşkilatın noyabrın 23-də yaydığı bəyanatda bildirilib.

Bəyanatda Paşinyan hökuməti Ermənistanın suverenliyi ilə bağlı məsələlərdə geri çəkilməkdə, eləcə də siyasi müxalifətə qarşı təzyiqlərdə ittiham olunub.

Təşkilat hesab edir ki, ölkədə yaranmış siyasi qütbləşmə və daxili gərginlik şəraitində Konstitusiya dəyişikliklərinin həyata keçirilməsi cəmiyyətdə ciddi narazılıq doğura bilər.

“Hayekve” Paşinyanın heç bir ilkin şərt irəli sürmədən baş nazir vəzifəsindən istefa verməsini tələb edib.

Təşkilatın təklif etdiyi siyasi plan üç əsas istiqaməti əhatə edir.

Birinci təklifə əsasən, Nikol Paşinyan istefa verməli, ikinci mərhələdə Ermənistan parlamentindəki üç fraksiyanın iştirakı ilə siyasi baxımdan neytral və ictimai etimada malik müvəqqəti hökumət yaradılmalıdır.

Təşkilatın fikrincə, həmin hökumət siyasi repressiyaları dayandırmalı, cəmiyyətdəki qütbləşməni azaltmalı və altı ay ərzində azad, şəffaf seçkilərin keçirilməsini təmin etməlidir.

Üçüncü təklif isə Azərbaycanla münasibətlərə aiddir. “Hayekve” hesab edir ki, yeni hökumət ictimai mandat əsasında Azərbaycanla bərabərhüquqlu və davamlı sülh danışıqlarına başlamalı, Konstitusiya dəyişiklikləri məsələsi isə bu prosesdən ayrılaraq Ermənistanın daxili siyasi gündəliyində müzakirə olunmalıdır.

Qeyd edək ki, bəyanat Nikol Paşinyanın Ermənistanın yeni Konstitusiya layihəsi ilə bağlı açıqlamalarından sonra yayılıb. Baş nazir yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim edib. Sənəd xüsusi olaraq bu məqsədlə yaradılmış rəsmi internet səhifəsində dərc olunub.

Beləliklə, Ermənistanda Konstitusiya islahatları ətrafında müzakirələr fonunda müxalif mövqeli qüvvələrdən biri hakimiyyət dəyişikliyi və yeni siyasi idarəetmə modelinin formalaşdırılması təşəbbüsü ilə çıxış edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki