Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya müharibədən sonra NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun təhlükəsizlik zəmanətlərinin verilməsinə razılıq verdiyi iddia olunur. Bu barədə “The Washington Post” qəzeti ABŞ administrasiyasındakı danışıqlara yaxın mənbəyə istinadən məlumat yayıb.
Korrekt.az xəbər verir ki, söhbət Ukraynanın birbaşa NATO-ya üzvlüyündən deyil, ABŞ və Avropa ölkələrinin Kiyevə Alyansın kollektiv müdafiə prinsipinə bənzər təminatlar verməsindən gedir.
Məlumata görə, Putin belə bir mexanizmi ABŞ və Avropa qoşunlarının müharibədən sonra Ukrayna ərazisində yerləşdirilməməsi şərti ilə qəbul edə bilər. Bunun müqabilində Qərbin Rusiyaya qarşı sanksiyaları mərhələli şəkildə yumşaltması və digər güzəştlərə getməsi nəzərdə tutulur.
İddia edilən razılaşmaya əsasən, Rusiya gələcəkdə Ukraynaya yenidən hücum edərsə, Qərbin təhlükəsizlik zəmanətləri qüvvəyə minəcək, sanksiyalar bərpa olunacaq. ABŞ və Avropa nümayəndələrinin, həmçinin mümkün böhran zamanı tərəflər arasında operativ kommunikasiya mexanizmlərinin yaradılmasını və razılaşmalara əməl olunmasına nəzarət məsələsini müzakirə etdikləri bildirilir.
Hələlik Kreml bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib. Bununla belə, ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşner noyabrın 19-da Vaşinqtonun Moskvanı Ukrayna üçün NATO tipli təhlükəsizlik zəmanətləri konsepsiyasına münasibətdə yumşalmağa inandıra bildiyini açıqlamışdı. Kuşner Donald Trampın belə təminatların verilməsinə açıq olduğunu, lakin onların ABŞ-nin maraqlarına uyğun və daha geniş təhlükəsizlik sazişinin tərkib hissəsi olmalı olduğunu bildirmişdi.
“The Washington Post”un mənbəsi Kuşnerin Putinlə görüşdə müharibənin Avropaya yayılması riskini də gündəmə gətirdiyini iddia edib. Onun sözlərinə görə, münaqişə artıq təkcə Ukrayna ilə Rusiya arasındakı qarşıdurma çərçivəsindən çıxaraq Avropa ilə Rusiya arasında daha geniş təhlükəsizlik probleminə çevrilib.
Danışıqlarda mümkün irəliləyiş əlamətləri olsa da, tərəflərin əsas məsələlər üzrə mövqeləri hələ də ciddi şəkildə fərqlənir. Moskva Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxır, Kiyev isə gələcək təhlükəsizliyinin etibarlı beynəlxalq təminatlarla qorunmasını tələb edir.





















