Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib ki, Türkiyə Ukrayna və İrandakı müharibələrin gedişatına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Korrekt.az xəbər verir ki, o, Avropa İttifaqı ilə Ankara arasında strateji əlaqələrin gücləndirilməsinə çağırıb.
Vaddeful türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlardan sonra Berlində keçirilən mətbuat konfransında bildirib ki, “Türkiyənin bu böhran nöqtələrinə əhəmiyyətli təsir göstərmək potensialı var, bu, təkcə coğrafi yaxınlığına görə deyil, həm də böyük siyasi və iqtisadi əhəmiyyətinə görədir”.
O, Aİ və Türkiyənin strateji münasibətlərini dərinləşdirməyə davam etməsinin arzuolunan olduğunu qeyd edərək, Almaniyanın Ankaranın Avropa İttifaqının müdafiə və sənaye siyasətinin formalaşmasında daha fəal iştirakının tərəfdarı olduğunu vurğuladı.
“Əgər Türkiyə Avropa Birliyinə qoşulmaq istəyirsə, Almaniyada özünə dost və etibarlı tərəfdaş tapacaq”, – deyə nazir bildirib və əlavə edib ki, Türkiyə Aİ-yə üzvlük üçün bütün zəruri meyarlara cavab verməlidir.





















