Vətən Müharibəsi şəhidi Kamran Qasımovun anası Nailə Qasımova dələduzluqla üzləşdiyini iddia edir.
Bakupost.az-a danışan şəhid anasının sözlərinə görə, Ülkər Şahverdi qızı Əzizova onu aldadaraq ümumilikdə 30 min manatını ələ keçirib. Belə ki, həmin şəxs Kamran Qasımovun adını özünə məxsus uşaq bağçalarından birinə verəcəyini deyərək onun inamını qazanıb.
Nailə Qasımova bildirir ki, 2024-cü ilin yanvarında bir tədbirdə tanış olduqları Ü.Əzizova sonradan onların evində şəhidin xatirəsinə yaradılmış muzeyi ziyarət edərək özünü etibarlı şəxs kimi təqdim edib:
“Dedi ki, Xankəndidə bağça açıb, ora general Polad Həşimovun adını verib, açılışda yüksək vəzifəli şəxslər iştirak edib. Bizi bu cür inandırdı. Sonradan məlum oldu ki, bunların hamısı yalandır”.
Şəhid anasının sözlərinə görə, Ü.Əzizova sonradan başqa bir bağçaya Kamran Qasımovun adını vermək istədiyini və guya açılış üçün depozitdəki vəsaiti çıxarmağa məbləğin çatmadığını bildirərək kömək istəyib:
“Mən bankdan 5 min 300 manat götürdüm, əlavə olaraq qohum və tanışlardan borc alaraq ümumilikdə 12 min manat pul verdim. Generalın adını çəkdiyi üçün ona inandım”.
Zərərçəkmiş bildirir ki, həmin şəxs sonradan başqa vədlərlə yenidən pul toplamağa başlayıb:
“Guya tanışlıqla tələbələrin kəsirlərini sildirə bilirmiş. Bu bəhanə ilə mənim vasitəmlə ətrafımdan minlərlə manat əlavə pul yığdı. Beləliklə, ümumi məbləğ 30 min manata çatdı”.
Nailə Qasımova bildirib ki, məbləğin 5 min manatı Sabunçu polisi tərəfindən alınaraq geri qaytarılıb, qalan 25 min manat isə hələ də ödənilməyib. Onun bildirdiyinə görə, faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Şəhid anası əlavə edib ki, itirilən vəsaitin böyük hissəsi Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva tərəfindən şəhid övladı üçün fonddan ayrılmış pul olub:
“Bu insan mənim uşağımın “qan pulu”nu yeyə bilərmi? Belə insanlar şəhid ailələrinə yaxınlaşıb dələduzluq edirlər. Biz artıq kimə inanaq?”.
Onun sözlərinə görə, qarşı tərəfin yaxınları da pulu qaytaracaqlarını vəd etsələr də, bu günə qədər ödəniş edilməyib.
“Qohumları bir neçə ay möhlət istədilər, amma sonra vəkil tutub onu həbsdən çıxardılar. İndi isə mənə şərt qoyurlar ki, şikayətdən imtina edim və 25 min manatın əvəzinə 1500 manat alım. Mənə şərt qoyurlar”, -N.Qasımova iddia edib.
Sözügedən iddialarla bağlı suallarımızı cavablandıran Ülkər Əzizova Bakupost.az-a bildirib ki, hazırda məsələ üzrə iş istintaqdadır və səsləndirilən fikirlər doğru deyil:
“Nailə xanımla bağça qurmağa qərar verdik və o, təmir işlərinə şərik kimi kömək edib. Sənədləşmə işləri gecikdiyi üçün isə Nailə xanım məndən vəsaiti geri tələb etdi. Vəsait xərcləndiyi üçün ona hissə-hissə qaytarmağı təklif etdim. Daha sonra aramızda problem yarandı və o, şikayət etdi. Mən saxlanıldım və məhkəmə qərarı ilə azad edilmişəm.
Məbləğin yarısı qaytarılıb. 12 min manatlıq məbləğ şişirdilir. Hazırda Nailə xanım çağırılır ki, ödənişlərini alsın, lakin o, gəlmir. 5 min manat məhkəmə qərarı əsasında qaytarılıb, əlavə olaraq 700 və 800 manat ödənişlər edilib. İndi 5 min manat borcumuz qalıb.
Onkoloji xəstə olduğunu deyən Əzizova bildirdi ki, bu müddətdə xeyli stress və gərginlik keçirib:
“Bilmirəm Nailə xanım nə istəyir. Mən ondan heç vaxt istifadə etməmişəm. Şəhid anasıdır, hörmət edirik. Nəvəsi Kamran doğulanda biz də iştirak etmişik, xonçalarla getmişik. 8 Mart və Yeni il kimi günlərdə analar üçün tədbirlər keçirir, onlara hədiyyələr təqdim edirdik. Mən heç vaxt onlardan sui-istifadə etməmişəm. Mənə məxsus bağçada bütün vergi öhdəlikləri də yerinə yetirirəm”.
Qeyd edək ki, Kamran Qasımov Vətən Müharibəsi zamanı, oktyabrın 27-də Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.





















