Partiya pillələri ilə yüksəliş
Azərbaycan Kommunist Partiyasının birinci katibi Vəli Axundov SSRİ siyasi rəhbərliyinin istəyi başladılan ağılsız pambıq yarışını dəstəkləməkdən qətiyyətlə imtina etdi, onun özbək həmkarı Şərəf Rəşidov isə daha üzüyola çıxdı.
Respublikanın gələcək rəhbəri 1917-ci ildə Cizak şəhərində anadan olmuşdu. Rəşidovun valideynləri az savadlı kəndlilər idi. Lakin Şərəf və onun dörd bacı-qardaşı elmə böyük maraq göstərirdilər — onların hamısı yeddiillik məktəbi bitirmişdi (o dövrdə orta təhsil cəmi yeddi il davam edirdi). Daha sonra Rəşidov müəllimlik təhsili alsa da, bu peşə ilə məşğul olmadı və jurnalistikaya üz tutdu.
Rəşidovun siyasi karyerası İkinci Dünya müharibəsindən sonra başladı. O, 1941–1943-cü illərdə kiçik siyasi rəhbər (politruk) kimi cəbhədə döyüşmüşdü. Müharibənin başa çatmasına iki il qalmış Kalinin cəbhəsində ağır yaralandı və hərbi xidmətdən tərxis edildi.
1940-cı illərin sonlarına doğru bir neçə hekayə yazmış Rəşidovun inzibati-siyasi yüksəlişində ilk mühüm addım Özbəkistan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri vəzifəsinə təyinatı oldu. 1950-ci ildə o, növbəti yüksəlişini yaşadı və respublika Ali Soveti Rəyasət Heyətinin tarixində ən gənc sədr oldu. Doqquz il sonra isə, 42 yaşında, əsasən Nikita Xruşşovun rəğbəti sayəsində Özbəkistan KP MK-nın birinci katibi vəzifəsinə gətirildi.
“Ağ qızıl” diyarı
Rəşidovun hakimiyyəti dövründə respublikada baş verən ən mühüm hadisələrdən biri Muruntau yatağında qızıl hasilatının başlanması oldu. Lakin Özbəkistanın əsas sərvəti sarı deyil, SSRİ-nin yüngül sənayesinin böyük ehtiyac duyduğu “ağ qızıl” — pambıq idi.
XX əsrin 70-ci illərinin ortalarına doğru Özbəkistan SSR qiymətli xammal tədarükçüləri arasında ön sıralarda yer alırdı: burada hər il təxminən dörd milyon ton pambıq yığılırdı. Belə böyük istehsal həcmi respublika sakinlərinin rifahına da müsbət təsir göstərirdi və Özbəkistan o dövrdə SSRİ-nin ən firavan respublikalarından biri sayılırdı. Şərəf Rəşidov isə respublikaya 25 il rəhbərlik etməklə yanaşı, Leonid Brejnevlə yaxın dostluq münasibətləri saxlayırdı ki, bu da ona özünü arxayın hiss etməyə imkan verirdi.
Ancaq görünür, Rəşidov bununla kifayətlənmək istəmirdi. 1976-cı ildə o, hamının qarşısında bəyan etdi ki, Özbəkistan yaxın vaxtlarda dörd milyon deyil, 5,5 milyon ton pambıq tədarük edəcək. Tədbirdə iştirak edən Brejnev təbəssümlə soruşdu:
— Bəs altı milyon tona gücünüz çatar?
Rəşidov başı ilə təsdiqlədi. İndi verdiyi sözü yerinə yetirməli idi. O vaxt az adam anlayırdı ki, respublika rəhbərinin bu düşünülməmiş vədi Özbəkistan əhalisi üçün əsl fəlakətə çevriləcək.
Pambıq plantasiyalarındakı qullar
Tonlarla pambığın əldə edilməsində xüsusi canfəşanlıq göstərənlərdən biri Əhmədcan Adılov idi. O, fitri təşkilatçılıq qabiliyyəti sayəsində heyrətamiz karyera qurmuşdu: 12 yaşında kolxozda tabelçi kimi fəaliyyətə başlamış, sonradan tərkibinə 14 sovxoz və 17 müəssisə daxil olan nəhəng Pop rayon aqrar-sənaye kompleksinin rəhbərinə çevrilmişdi.
Adılovun şəxsiyyəti bu gün də mübahisələr doğurur. Bəziləri onu sonradan sovet hakimiyyətinin qurbanına çevrilmiş xeyirxah insan hesab edir. Digərləri isə onun keçmiş tabeliyində çalışanların xatirələrinə istinad edərək bildirirlər ki, Adılovun rəhbərliyi altına düşənlər faktiki olaraq qula çevrilirdilər. Onların maaşı çox aşağı idi, əvəzində isə hər gün daha ağır tələblərlə üzləşirdilər.
Müxtəlif səbəblərdən planı yerinə yetirə bilməyənləri amansız cəzalar gözləyirdi: ya qamçı ilə döyülürdülər (qadınlara və uşaqlara da rəhm edilmirdi), ya da istintaqsız və məhkəməsiz Adılovun tikdirdiyi həbsxanada kameraya düşürdülər. Deyilənə görə, hüquq-mühafizə orqanları bu gizli islah müəssisəsinin mövcudluğundan xəbərdar idilər, lakin Adılovdan aldıqları səxavətli bəxşiş müqabilində susurdular.
Bu aqrar nəhəngin sovxozlarında ölüm halları son dərəcə yüksək idi. İnsanlar bol pestisidlər vurulmuş sahələrdə istirahətsiz işləməyə məcbur edilirdilər. Adılov isə iş gününü getdikcə uzadırdı, lakin bu, onların maaşına heç bir təsir göstərmirdi.

Nəhayət, pambıq yığımına uşaqlar da cəlb olundu. Mövsümün qızğın çağında balaca əməkçilərin məktəbə getməyə belə vaxtı qalmırdı. Rəşidovun illik pambıq istehsalını daha 1,5 milyon ton artırmaq vədindən sonra vəziyyət daha da ağırlaşdı. Tarlalara hətta hamilə qadınlar da çıxmağa məcbur edilirdi və onların bir çoxu ağır fiziki əmək nəticəsində uşaqlarını itirirdi.
Hətta tamamilə vəhşi üsullara da əl atılırdı: milis patrulu pambıq sahəsinin yaxınlığından keçən avtomobili saxlaya, sürücü və sərnişinləri müəyyən miqdarda pambıq toplamağa məcbur edə bilirdi. Yalnız bu tələbi yerinə yetirdikdən sonra onlar yollarına davam etmək icazəsi alırdılar.
Daşla doldurulan kisələr
Bu arada, özbək xalqının bütün titanik səylərinə baxmayaraq, Şərəf Rəşidovun vəd etdiyi göstəricilərə çatmaq mümkün olmurdu. Onda əl atılan çıxış yolu saxtakarlıq oldu. Maraqlıdır ki, bu təşəbbüs aşağı pillələrdən başladı. Böyük məhsuldarlıq və yüksək pambıq yığımı tələb olunan fəhlələr kisələrə daş doldurmağa başladılar. Briqadirlər buna bilərəkdən göz yumurdular, çünki çəkinin süni şəkildə artırılması onların da xeyrinə idi.
Beləcə, saxta rəqəmlər bir instansiyadan digərinə ötürülür, göstəricilər sözün əsl mənasında havadan götürülürdü. Kənar adamlardan kimsə bu maxinasiyanı görsəydi, dərhal ona sanballı məbləğdə pul verilərək susdurulur, kölgə sxemi isə əvvəlki kimi işləməyə davam edirdi. Xammal qəbul edən zavodların direktorları da bu işdə pay sahibi idilər. Cəmi 5–6 min rubl rüşvət müqabilində direktor pambıqla gələn vaqonlardan birinin əslində pambıq istehsalı tullantıları ilə doldurulduğunu “görməzlikdən gəlirdi”.

Bəzən vaqon ümumiyyətlə boş olurdu. Belə hallarda isə “tarif” daha yüksək idi — 10 min rubl. Cinayət sxeminə Samara, Ryazan, Voronej və Çelyabinsk vilayətlərindəki zavodlar da cəlb edilmişdi. Başqa üsullardan da istifadə olunurdu. Məsələn, sənədlərdə guya içərisində 50 min ton “ağ qızıl” olan pambıq anbarı qəfil yanırdı. Əslində isə orada çox az pambıq olurdu, hətta min tona da çatmırdı. Lakin yanğından sonra bunu sübut etmək artıq mümkün olmurdu.
Qayınananın qəbrində gizlədilən xəzinə
Təbii ki, respublika rəhbəri Şərəf Rəşidov pambıq maxinasiyalarından xəbərdar idi. Hətta keçmiş Qaraqalpaq Vilayət Partiya Komitəsinin birinci katibi Kalibek Kamalovun ifadəsinə inanmalı olsaq, o, Rəşidov ailəsinə 750 min rubl məbləğində “otkat” vermişdi. Bununla yanaşı, 1974-cü ildə Şərəf Rəşidov Özbəkistanda pambıq istehsalının guya 5,5 milyon tonu keçdiyini təsdiqləyən sənədə də imza atmışdı.
Ədalət naminə qeyd etmək lazımdır ki, qanunsuz əldə edilən pulların bir hissəsi Özbəkistanın abadlaşdırılmasına və inkişafına sərf olunurdu. Məsələn, Rəşidovun səyi nəticəsində 1977-ci ildə Daşkənd metrosu istifadəyə verildi. Onun tikintisinə “pambıq pulları”nın xeyli hissəsi yönəldilmişdi. Çünki Moskva metronun tikintisini tam maliyyələşdirməkdən imtina etmişdi. Kölgə iqtisadiyyatından əldə olunan vəsait hesabına xəstəxanalar və məktəblər tikilir, yollar əsaslı təmir olunurdu. Bununla belə, qanunsuz gəlirlərin əsas hissəsi korrupsiyaya bulaşmış məmurların ciblərinə gedirdi.
Bu pulları qoruyub saxlamaq üçün maxinatorlar kütləvi şəkildə zinət əşyaları alır, sonra isə onları həyətlərində torpağa basdırırdılar. “Pambıq işi”nin fiqurantlarından biri — SSRİ Yüngül Sənaye Nazirliyinin idarə rəisi isə daha “yaradıcı” üsul tapmışdı: o, nağd pulu Moskvadakı Pokrov qəbiristanlığında qayınanasının qəbrində gizlətmişdi.
KQB-nin hədəfində
Kremldə Rəşidovun uğurlarından son dərəcə razı idilər. Brejnev müntəzəm olaraq Özbəkistana səfər edir, hər dəfə oradan qiymətli hədiyyələrlə qayıdır və Şərəf Rəşidovu tərifləməkdən usanmırdı. Baş katibin təşəbbüsü ilə Rəşidova 1974-cü ildə ilk dəfə Sosialist Əməyi Qəhrəmanı adı, 1977-ci ildə isə ikinci dəfə bu fəxri ad verildi.
Ancaq Moskvada Rəşidovun pambıq fırıldaqlarından xəbərdar olanlar da vardı. Özbəkistan SSR-də baş verənlərdən şübhələnənlərdən biri KQB sədri Yuri Andropov idi. Ehtiyatla aparılan yoxlama onun şübhələrinin əsaslı olduğunu təsdiqlədi. Lakin Brejnevin onu dinləməyəcəyini yaxşı bilən Andropov bu “kozırı” daha münasib vaxta saxladı.
Rəşidovla hesablaşmaq fürsəti Leonid Brejnevin 1982-ci ilin sonunda vəfatından sonra yarandı. Andropov SSRİ rəhbəri olduqdan sonra Rəşidova zəng edərək 1983-cü il üçün “pambıq planları” ilə maraqlandı. Şərəf inamla bildirdi ki, əvvəlki kimi 5,5 milyon ton pambıq yığılacaq. Andropov sakitcə soruşdu: “Bunun nə qədəri həqiqi məhsul, nə qədəri isə şişirdilmiş rəqəmdir?” Telefonun o başında sükut çökdü. Bu söhbətdən az sonra Şərəf Rəşidov vəfat etdi.
Rəsmi məlumata görə, Özbəkistan SSR rəhbəri xidməti avtomobilində gedərkən ürəktutmadan dünyasını dəyişmişdi. Hadisə yerinə çatan şəxsi həkimlər yüksək vəzifəli pasiyentlərini xilas edə bilmədilər. Başqa bir versiyaya görə isə Rəşidov onu qarşıda gözləyən aqibəti anlayaraq intihar etmişdi. Onun yerinə respublika Ali Soveti Rəyasət Heyətinin keçmiş sədri İnamjon Usmanxocayev gətirildi. Lakin o da az sonra səs-küylü “pambıq işi”nin fiqurantına çevrildi.
Yeri gəlmişkən, Şərəf Rəşidovu ölümündən sonra da rahat buraxmadılar. Keçmiş Özbəkistan rəhbəri əvvəlcə Daşkəndin mərkəzindəki parkda dəfn edildi, məzarı üzərində təntənəli memorial kompleksi ucaldıldı. Lakin 1986-cı ildə “pambıq işi” üzrə ilk istintaq nəticələri açıqlanandan sonra memorialın sökülməsi və artıq nifrətlə xatırlanan liderin yenidən dəfn edilməsi qərara alındı. Gecə vaxtı onun qalıqları gizlicə çıxarılaraq Çiğatay qəbiristanlığına köçürüldü.
Müfəttişlər desantı
“Pambıq işi” üzrə rəsmi istintaq 1984-cü ilin əvvəlində başladı. Həmin ilin yanvarında Moskvaətrafı Serpuxov şəhərinə Özbəkistandan yerli toxuculuq kombinatı üçün göndərilmiş pambıq yüklü qatar gəldi. Yükü qəbul edən baş mühəndisi heyrətə düşdü: bir neçə vaqon tamamilə boş idi. Susması üçün ona dərhal 40 min rubl təklif olundu. Mühəndis düşünəcəyini dedi, özü isə birbaşa KQB-yə müraciət etdi. Özbəkistandan gəlmiş nümayəndə heyəti həbs olundu, onların qaldığı mehmanxana otaqlarında aparılan axtarış zamanı 300 min rubl pul aşkar edildi.
Maraqlıdır ki, Andropov bu işə dərhal geniş miqyas verə bilmədi. Bir tərəfdən, Özbəkistan KQB-sinin əməkdaşları Cizak şəhərində keçirilən axtarışlar zamanı təxminən 1,5 milyon rubl nağd pul, eləcə də bir neçə kiloqram qızıl və qiymətli daş-qaş tapdılar. Digər tərəfdən isə aydın idi ki, sıralarında çoxlu korrupsioner əməkdaşların olduğu yerli hüquq-mühafizə orqanları dövlət əhəmiyyətli belə bir işi araşdırmaq gücündə deyildilər.
Buna görə də Özbəkistana beş min nəfərlik xüsusi komissiya göndərildi. Onun tərkibinə DİN və KQB əməkdaşları, ən təcrübəli mühasiblər və maliyyə mütəxəssisləri daxil idi. Onların qarşısında uzun və gərgin iş dururdu: dövlətə vurulmuş maddi ziyanın həcmini müəyyən etmək, həmçinin pambıq fırıldaqçılarının istifadə etdikləri cinayət sxemlərini üzə çıxarmaq.
Müfəttişlərin ilk böyük uğuru Buxara vilayətinin Sosialist Əmlakını Dağıdanlarla Mübarizə Şöbəsinin (OBXSS) rəisi Müzəffərovun rüşvət alarkən yaxalanması oldu. Evində aparılan axtarış zamanı bir milyon yarım rubl pul tapıldığını görəndən sonra Müzəffərov başa düşdü ki, hər şeyi inkar etməyin mənası yoxdur. O, etiraf ifadələri verməyə və şəriklərini bir-bir ifşa etməyə başladı. Bununla da istintaq ölü nöqtədən tərpəndi.
Poqonlu sadistlər
Komissiyaya SSRİ Baş Prokurorluğunun iki müstəntiqi – Murmansk əsilli Nikolay İvanov və Ulyanovsk vilayətindən olan Telman Qdlyan rəhbərlik edirdi. Lakin az sonra məlum oldu ki, onların əsas məqsədi günahkarları cəzalandırmaq deyil. Hüquq-mühafizə orqanlarının bu əməkdaşları Moskvada yüksək vəzifələrə yüksəlmək istəyirdilər və “pambıq işi”ndə fəallıq bu işdə xeyli kömək edərdi.
İşin təfərrüatına dərindən varmayan müstəntiqlər, onların fikrincə, fırıldaqlarla nəzəri cəhətdən əlaqəsi ola biləcək şəxsləri bir-bir həbs etməyə başladılar. Onlara ən çox lazım olan isə şübhəlilərin etiraf ifadələri idi. Belə etirafları almaq isə onlar üçün texnika məsələsi idi – İvanov və Qdlyanın istintaq qrupu tez-tez qanunun sərhədlərini aşan üsullara əl atırdı. İnsanları döyür, işgəncə verir, onları təhlükəli qatil və zorakıların saxlanıldığı kameralara salırdılar. Həmin cinayətkarlara isə istintaqa “kömək” – yəni yeni kamera yoldaşlarına zor tətbiq etmək müqabilində cəzalarının yüngülləşdiriləcəyi vəd edilirdi.
Bütün bunlar nəticə verməyəndə əməliyyatçılar təqsirləndirilən şəxslərin qohumlarını saxlayır, onların gözü qarşısında alçaldır və işgəncə verirdilər. Bu mərhələdə hamı sınırdı: bəziləri qarşılarına qoyulan bütün ifadələri imzalayırdı, 16 nəfər isə bu təzyiqlərə tab gətirməyərək intihar etdi. O vaxt Özbəkistanda İstintaq İdarəsinin rəisi işləyən Oleq Qaydanovun xatirələrinə görə, müstəntiqlər bir dəfə ondan hətta soyadlar belə yazılmamış həbs orderini imzalamağı tələb etmişdilər.
Yanlış istiqamət
Qdlyan və İvanovun rəhbərliyi ilə minlərlə insan həbs olundu, işgəncələrə məruz qaldı və həbsxanalara göndərildi. Onların əhəmiyyətli hissəsi isə əslində günahsız idi.
Bununla belə, bu qədər kütləvi həbslərə baxmayaraq, müstəntiqlər arzuladıqları karyera yüksəlişinə nail ola bilmədilər. 1989-cu ildə Qdlyan və İvanov “maliyyə cinayətlərinin araşdırılması zamanı sosialist qanunçuluğunu kobud şəkildə pozduqlarına görə” tutduqları vəzifələrdən uzaqlaşdırıldılar.
Ancaq başqa bir maraqlı versiya da mövcuddur Guya istintaq zamanı onlar cinayət sxemlərinin Kremlin ali partiya rəhbərliyinə qədər uzandığını sübut edən faktlar əldə etmişdilər. Bu isə Qdlyan və İvanovu çəkindirmək əvəzinə, onları işi sona çatdırmağa daha da həvəsləndirmişdi. Təbii ki, buna imkan verilmədi. Onlar hüquq-mühafizə orqanlarından biabırçı şəkildə qovuldular və barələrində cinayət işi açıldı. Həmin iş yalnız 1991-ci ildə bağlandı.
Xüsusi təyinatlıların himayəsi altında
Əlbəttə, özbək fırıldaqçılar yoxlamalara hər vasitə ilə mane olmağa çalışırdılar. Bəziləri hiyləyə əl atırdı. Məsələn, Əhmədjon Adılov təftiş komissiyası gəlməzdən əvvəl qoyun kababı və bol içkidən ibarət təmtəraqlı süfrə açaraq yoxlamaçıları sərxoş etməyə çalışmışdı. Digərləri rüşvət təklif edirdi. Elə Qdlyan və İvanova bir milyon rubl məbləğində rüşvət verməyə uğursuz cəhd göstərilmişdi.
Üçüncü qrup isə müstəntiqləri hədələyir, onlara fiziki zorakılıq tətbiq ediləcəyi ilə qorxudurdu. Belə hallar bir neçə dəfə təkrarlanandan sonra Andropov “Alfa” xüsusi təyinatlı dəstəsinin əməkdaşlarına komissiya üzvlərinin mühafizəsini tapşırdı.
Bununla belə, istintaq qrupu bütün səylərinə baxmayaraq, adi fəhlələrdən daha yüksək vəzifəli şəxsləri – məsələn, zavod direktorlarını həbs etdirməkdə ciddi çətinliklə üzləşdi. Heç kim öz rəhbərliyinin əleyhinə ifadə vermək istəmirdi. Üstəlik, sənaye müəssisələrinin rəhbərlərini Özbəkistan KQB-sinin əməkdaşları da fəal şəkildə müdafiə edirdilər.
Onda hüquq-mühafizə orqanları başqa bir üsula əl atdılar. Özbəkistan SSR-in rəhbər işçilərini müxtəlif iclas və qəbul bəhanəsi ilə Moskvaya dəvət edir, paytaxta gələn kimi həbs edirdilər.
Nəticədə təkcə briqadirlər, mühasiblər və sovxoz işçiləri deyil, respublikanın ən yüksək vəzifəli şəxsləri də həbsxanaya düşdü. Həbs olunanlar arasında Özbəkistan KP MK-nın 7 katibi və vilayət partiya komitələrinin 12 birinci katibi də var idi.
Həbslər
“Pambıq işi” çərçivəsində ümumilikdə 790 cinayət işi açıldı və 4,5 min nəfər cinayət məsuliyyətinə cəlb olundu. İstintaq müəyyən etdi ki, 1978–1984-cü illərdə pambıq üzrə saxta hesabatların həcmi ən azı 5 milyon ton olub. Bu fırıldaqların SSRİ-yə vurduğu ziyan astronomik məbləğ – 10 milyard rubldan çox qiymətləndirildi. Yeri gəlmişkən, Şərəf Rəşidovun kirli milyonlarının hara yoxa çıxması sirr olaraq qaldı. Özbəkistan SSR rəhbərinin “qara kassası”nı tapmaq mümkün olmadı.
“Pambıq işi”nin istintaqı zamanı cəzalandırılanlar arasında hətta Brejnevin kürəkəni Yuri Çurbanov da vardı. O, SSRİ daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı. Çurbanov 1993-cü ilə qədər həbsdə qaldı. Respublikanın yeni rəhbəri İnamjon Usmanxocayev, meliorasiya naziri və Daxili İşlər Nazirliyinin bir neçə generalı da məsuliyyətdən yayına bilmədilər. Özbəkistanın Pambıqtəmizləmə Sənayesi naziri Vahabcjan Usmanov və Buxara vilayətinin OBXSS rəisi Müzəffərov isə ən ağır cəzaya – güllələnməyə məhkum edildilər.
1991-ci ildə Özbəkistan Prezidenti İslam Kərimov “pambıq işi” üzrə məhkum olunmuş bütün şəxsləri əfv edərək onlara bəraət verdi. 1984-cü ildən 1991-ci ilin dekabrına qədər həbsdə olan Əhmədjon Adılov da azadlığa buraxıldı. Maraqlıdır ki, onun milyonları da müəmmalı şəkildə yoxa çıxmışdı – hüquq-mühafizə orqanları Adılovun gizlətdiyi yerdə cəmi 150 min rubl tapa bildilər.
Lakin bəraət aldıqdan az sonra Adılov yenidən həbs olundu – bu dəfə gübrə oğurluğuna görə. Ardınca isə sovet dövründə törətdiyi cinayətlərə görə daha 10 il həbs cəzası aldı. Həbsdə olarkən cəzası daha iki il artırıldı – islah müəssisəsinin rəhbərliyinə müqavimət göstərdiyinə və narkotik saxladığına görə. Minlərlə özbəyin həyatını cəhənnəmə çevirən bu məhkum yalnız 2008-ci ildə, 83 yaşında azadlığa çıxdı. 2017-ci ildə, 93 yaşında yaşadığı evdə vəfat etdi.
Hazırladı: Yadigar Sadıqlı





















