image-1backend

 İsrail Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasla birbaşa əlaqələri dayandırıb – Politico

image-ads-728x90

İsrail bu ilin iyun ayından etibarən Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla birbaşa əlaqələri dayandırıb.

Korrekt.az xəbər verir ki, bu barədə “Politico” nəşri noyabrın 18-də məlumat yayıb.

İsrailin xarici işlər naziri Gideon Saarın nümayəndəsinin sözlərinə görə, qərar qüvvədə qalır və yalnız Kallasla münasibətlərə şamil olunur. O bildirib ki, İsrail Aİ qurumları və üzv dövlətlərlə əməkdaşlığı davam etdirir, Saar isə Avropa ölkələrinin xarici işlər nazirləri və digər rəsmi şəxslərlə sıx əlaqələr saxlayır.

Nəşrin məlumatına görə, diplomatik gərginlik iyun ayında Kallasın İsrailin fələstinlilərə münasibətini Cənubi Afrikadakı aparteid rejimi ilə müqayisə etməsi barədə yayılan məlumatlardan sonra yaranıb. Bundan sonra Saar Kallasın açıqlamalarını geri götürməyəcəyi təqdirdə onunla bütün əlaqələri dayandıracağını bəyan edib.

“Politico” yazır ki, tərəflər arasındakı fikir ayrılıqlarını dərinləşdirən digər məsələ Aİ-İsrail Assosiasiya Sazişinin qismən dayandırılması ilə bağlı təşəbbüs olub. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen 2025-ci ildə sazişin bəzi müddəalarının dayandırılmasını və İsrail universitetlərinə Avropa maliyyəsinin məhdudlaşdırılmasını nəzərdə tutan təklif irəli sürüb.

Kallasın tərəfdarları hesab edirlər ki, onun İsraillə münasibətlərindəki gərginlik Aİ daxilindəki siyasi mövqelərin fərqliliyindən qaynaqlanır. Onların fikrincə, Aİ-nin xarici siyasət rəhbəri Qəzza zolağındakı vəziyyətlə bağlı İsrailin siyasətini tənqid edən üzv dövlətlərin mövqelərini də təmsil etməlidir.

Nəşr diqqətə çatdırır ki, yaranmış vəziyyət Avropa İttifaqının beynəlxalq danışıqlarda kimin tərəfindən və hansı səviyyədə təmsil olunması ilə bağlı daha geniş mübahisələri də gündəmə gətirir. Ukrayna müharibəsinin nizamlanması üzrə danışıqlarda da Aİ liderlərinin Kallası danışıqlar qrupuna daxil etməməsi bu məsələnin nümunələrindən biri kimi göstərilir.

Avropa Parlamentinin liberal qrupunun üzvü, İnkişaf Komitəsinin sədri Barri Endryu isə İsrailin Aİ-nin ali nümayəndəsini dialoqdan kənarda saxlamasına imkan verilməsini tənqid edib. Onun fikrincə, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ-nin Yaxın Şərq siyasətini qurumun müqavilələrinə və beynəlxalq hüquqa uyğun şəkildə əlaqələndirməməklə İttifaqın beynəlxalq nüfuzuna zərər vurur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki