İran və Livanın “Hizbullah” təşkilatının Taylandın paytaxtı Banqkokda yerləşən İsrail səfirliyinə hücum hazırlamaq məqsədilə yerli şiə din xadimlərini əməkdaşlığa cəlb etdiyi iddia olunur. Məlumata görə, planın qarşısı alınıb.
Korrekt.az xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
Nəşrin məlumatına əsasən, hücumun hazırlanması məqsədilə altı taylandlı din xadimi ilə əlaqə yaradılıb. Həmin şəxslərin İranın Qum şəhərində yerləşən “Əl-Mustafa” Beynəlxalq Universitetində dini təhsil aldıqları bildirilir.
İddialara görə, sözügedən şəxslərin “Hizbullah”ın xarici ölkələrdəki əməliyyatlarına cavabdeh olduğu bildirilən 910-cu bölmə ilə əlaqələri olub.
Məlumatda qeyd edilir ki, din xadimlərinin əməkdaşlığa cəlb olunmasını “Fadi Kəsab” adı ilə də tanınan Livan vətəndaşı Məcid Abdullah təşkil edib. Taylandda yaradıldığı iddia edilən qrupa isə Mübarək Hüseyninin rəhbərlik etdiyi bildirilir.
Hələlik bu məlumatlarla bağlı İran, “Hizbullah” və Tayland rəsmilərinin rəsmi mövqeyi təqdim edilməyib. İddiaların müstəqil təsdiqi barədə də məlumat yoxdur.





















