Son günlər Bakıda taksi xidmətlərinin qiymətləri və sifarişlərin bölüşdürülməsi ilə bağlı narazılıqlar yenidən gündəmə gəlib. Xüsusilə ölkənin ən geniş yayılmış taksi platformalarından biri olan Bolt-un fəaliyyəti həm sərnişinlərin, həm də şirkətlə əməkdaşlıq edən sürücülərin tənqidinə tuş gəlib. Maraqlıdır ki, narazılıq təkcə müştərilərlə məhdudlaşmır. Şirkətdə çalışan bəzi sürücülər də sifarişlərin bölüşdürülməsi və qiymət siyasəti ilə bağlı ciddi suallar qaldırırlar.
Adının açıqlanmasını istəməyən sürücülərdən biri bildirib ki, artıq beş ildir Bolt platforması ilə fəaliyyət göstərir. Onun sözlərinə görə, son dövrlər sifarişlərin paylanmasında əvvəlki qaydalardan fərqli və izahı çətin olan hallar müşahidə olunur.
Sürücü bildirir ki, bəzi hallarda o, sifarişin göstərildiyi ünvanda olmasına baxmayaraq, həmin sifariş ona deyil, Bolt sistemində qeydiyyatda olan başqa avtomobilə yönləndirilir. Onun fikrincə, qiyməti daha münasib olan sifarişlərin müəyyən sürücülərə verilməsi təsadüfi deyil.
Müsahibimiz belə avtomobillərin şirkətdə rəhbər vəzifələrdə çalışan şəxslərlə əlaqəli olduğunu iddia edir. Onun sözlərinə görə, platformada sifarişlərin bölüşdürülməsi zamanı bütün sürücülərə bərabər imkanların yaradılması ilə bağlı suallar yaranır.
Sürücülərin diqqət çəkdiyi digər məsələ isə taksi tariflərində müşahidə olunan kəskin dəyişikliklərdir. Onların sözlərinə görə, bəzi marşrutlarda qısa müddət ərzində qiymətlər nəzərəçarpacaq dərəcədə artır və bu artımın səbəbləri sərnişinlər üçün aydın olmur.
Əməkdaşımızın bu istiqamətdə apardığı müşahidə zamanı maraqlı qiymət fərqi ilə qarşılaşıb. Belə ki, bir gün əvvəl Bayraq meydanından Binə qəsəbəsinə eyni saatlarda həyata keçirilən səfər üçün tətbiqdə 15 manat qiymət göstərildiyi halda, növbəti gün eyni marşrut üzrə tarif 34 manata yüksəlib.
Başqa sözlə, eyni istiqamət üzrə göstərilən qiymət bir gün ərzində 19 manat, təxminən 2,3 dəfə artıb.
Əlbəttə, taksi platformalarında qiymətlərin dəyişməsi özlüyündə qeyri-adi hal deyil. Sifarişə tələbatın artması, avtomobillərin əlçatanlığı, hava şəraiti, yol hərəkətinin intensivliyi və digər amillər dinamik tariflərə təsir göstərə bilər. Lakin eyni marşrut üzrə belə kəskin fərqin yaranması qiymətlərin formalaşma mexanizmi ilə bağlı suallar doğurur.
Sürücülərin iddiasına görə, qiymətlərin qəfil artırılması bəzi sifarişlərin müəyyən avtomobillərə yönləndirilməsi ilə nəticələnə bilər. Onlar hesab edirlər ki, sistemin iş prinsipi və sifarişlərin bölüşdürülməsi mexanizmi daha şəffaf olmalıdır.
Məsələnin digər tərəfi isə sərnişinlərdir. Taksi xidmətindən istifadə edən vətəndaşlar üçün qiymətlərin əvvəlcədən proqnozlaşdırıla bilməməsi gündəlik nəqliyyat xərclərini artırır. Xüsusilə şəhərin mərkəzindən kənar ərazilərə, o cümlədən Binə, Mərdəkan, Hövsan və digər istiqamətlərə səfərlər zamanı tarif fərqləri ciddi narazılıq yarada bilər.
Burada əsas sual budur: sərnişin tətbiqdə gördüyü qiymətin hansı meyarlarla hesablandığını nə dərəcədə anlaya bilir? Dinamik tariflərin tətbiqi kommersiya baxımından mümkün olsa da, qiymətlərin formalaşması barədə istifadəçilərə aydın və əlçatan məlumat verilməsi vacibdir.
Digər tərəfdən, sifarişlərin bölüşdürülməsi ilə bağlı sürücülərin iddiaları da diqqətdən kənarda qalmamalıdır. Əgər platformada hər hansı sürücü və ya avtomobil qrupuna əsassız üstünlük verilirsə, bu, təkcə əməkdaşlıq edən sürücülərin gəlirlərinə deyil, bütövlükdə xidmətin rəqabət mühitinə də təsir göstərə bilər.
Vətəninfo.az məsələ ilə bağlı Bolt şirkətinin mövqeyini öyrənməyə çalışsa da, müraciətimizə cavab almaq mümkün olmayıb.





















