image-8backend

Öyrətməyə və duymağa həsr edilmiş ömür

image-ads-728x90

Bu il Azərbaycanın ilk psixoloq alimi Şövqi Ağayevin  anadan olmasının 100 illiyidir.

Psixologiya elmləri doktoru, professor, pedaqoq, Azərbaycan psixologiya   elminin görkəmli nümayəndələrindən biri olan Şövqi Süleyman oğlu Ağayev 23 mart 1926 – cı il tarixində İsmayıllı  nahiyəsinin Diyallı kəndində müəllim ailəsində anadan olub. Atası Süleyman Məcid oğlu sovetləşmənin ilk illərində həbs edilərək repressiyaya məruz qalmış, ölümündən sonra bəraət qazanmışdır. Şövqinin həmin vaxt iki yaşında idi. O, altı yaşında ailəsi ilə Bakıya köçüb. 1933–1942-ci illərdə Bakıdakı 173 saylı məktəbdə oxuyub və əlaçı şagird olub.

1941–1942-ci illərdə fizika-riyaziyyat müəllimləri hazırlayan birillik kursda təhsil alıb. Sonra Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunun III kursuna qəbul edilsə də, orada təhsilini davam etdirməyib və Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1942–1947-ci illərdə burada əlaçı təqaüdü ilə oxuyaraq institutu fərqlənmə diplomu ilə bitirib.

1954-cü ildə “Fikri məqsədin xarakterindən asılı olaraq təlim prosesində görmə qavrayışının dinamikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Tədqiqat eksperimental xarakter daşiyırdı və görmə qavrayışının təlim prosesində qarşiya qoyulan məqsəddən asılılığını araşdırırdı. 1955-ci ildə Şövqi   Ağayevə dosent elmi adı verilib.

1967-ci ildə “Əmək, tərbiyə və inkişaf” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Şövqi Ağayev psixologiya elmləri doktoru elmi dərəcəsini  alan ilk azərbaycanlı alimdir. Ali Attestasiya Komissiyası tərəfindən 24 oktyabr 1969-cu ildə doktorluq dərəcəsi, 12 noyabr 1970-ci ildə isə professor elmi adı   təsdiq edilib.

Şərəfli ömür yolu yaşayan Şövqi Ağayev 23 oktyabr 1975- cil il  Bakıda vəfat edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Bacarıqlı Əllər Dünyası “ İctimai Birliyinin təşkilatçılğı və “Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı “ İB- nin dəstəyi ilə  görkəmli psixoloq-alim, universitetin sabiq rektoru professor Şövqi Ağayevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Öyrətməyə və duymağa həsr edilmiş ömür” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan  rektor Cəfər Cəfərov Şövqi Ağayevin Azərbaycan elm və təhsil sistemindəki xidmətlərindən, pedaqoji kadr hazırlığının inkişafına verdiyi töhfələrdən və universitetin rektoru olduğu dövrdə həyata keçirdiyi işlərdən danışıb. Rektor qeyd edib ki, Şövqi Ağayevin fəaliyyəti görkəmli alim və psixoloq kimi elmi nailiyyətləri ilə yanaşı, ali təhsil müəssisəsinin idarə olunması, tədris prosesinin təşkili və pedaqoji təhsilin inkişafı istiqamətində gördüyü işlərlə də əlamətdardır. Onun rəhbərliyi dövründə qazandığı təcrübə, peşəkar fəaliyyəti və elmə bağlılığı universitetin tarixində özünəməxsus yer tutur. Cəfər Cəfərov vurğulayıb ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin zəngin tarixi müxtəlif dövrlərdə onun inkişafına töhfə vermiş görkəmli alimlərin, pedaqoqların və rəhbərlərin fəaliyyəti ilə sıx bağlıdır. Şövqi Ağayev də bu tarixi irsin mühüm nümayəndələrindən biri kimi xatırlanır. Onun elmi-pedaqoji fəaliyyəti, psixologiya elminə verdiyi töhfələr və universitetin rəhbəri kimi fəaliyyəti Azərbaycan təhsil tarixinin əhəmiyyətli səhifələrindəndir. Rektor bildirib ki, universitetin keçmişinə və inkişaf mərhələlərinə nəzər salmaq, bu prosesdə xidmətləri olan şəxsiyyətləri ehtiramla yad etmək ADPU-nun ənənələrinə sadiqliyinin göstəricisidir. Belə yubiley tədbirləri görkəmli alimlərin xatirəsini yaşatmaqla yanaşı, onların elmi irsinin öyrənilməsi, təcrübələrinin gələcək nəsillərə çatdırılması və universitetin tarixi yaddaşının qorunması baxımından da mühüm əhəmiyyət daşıyır. Cəfər Cəfərov Şövqi Ağayev kimi elm və təhsil xadimlərinin həyat və fəaliyyətinin gənc tədqiqatçılar, müəllimlər və tələbələr üçün əhəmiyyətini vurğulayaraq onun elmi-pedaqoji irsinin universitetin elmi mühitində diqqətdə saxlanılmasının vacibliyini qeyd edib.

ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov Şövqi Ağayevin həyat və fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Məruzədə alimin elmi-pedaqoji fəaliyyəti, Azərbaycan təhsilinin inkişafındakı rolu və universitetin rəhbəri kimi fəaliyyətinin əsas məqamları diqqətə çatdırılıb.

Ümumi psixologiya kafedrasının professoru Ramiz Əliyev isə Şövqi Ağayevin psixologiya elminin inkişafındakı xidmətlərindən bəhs edib, alimin elmi fəaliyyətinin əhəmiyyətini və bu sahənin inkişafına verdiyi töhfələri vurğulayıb.

Tədbirdə çıxış edən professor Məlikməmməd Cəbrayılov Şövqi Ağayevin rektor olduğu dövrə dair xatirələrini bölüşüb, onunla bağlı şəxsi müşahidələrini və universitetin həmin dövrdəki fəaliyyəti ilə əlaqədar fikirlərini iştirakçıların diqqətinə çatdırıb.

Şövqi Ağayevin ailə üzvləri Fuad Ağayev və “Bacarıqlı Əllər Dünyası “ İctimnai Birliyinin sədri Azadə Məmmədova da çıxış edərək onunla bağlı xatirələrini bölüşüblər. Onlar alimin həyat və fəaliyyətinə göstərilən diqqəti yüksək qiymətləndirərək yubiley tədbirinin təşkilinə və Şövqi Ağayevin xatirəsinə ehtiramla yanaşılmasına görə ADPU rəhbərliyinə təşəkkürlərini bildiriblər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki