Polşa Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Baltik dənizi üzərində Rusiyaya aid kəşfiyyat təyyarəsini ələ keçirib.
Korrekt.az xəbər verir ki, bu barədə Polşanın Baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib. Onun sözlərinə görə, hadisə beynəlxalq hava məkanında baş verib.
Nazir bildirib ki, Polşa qırıcıları Rusiyaya məxsus “İl-20” tipli kəşfiyyat təyyarəsini müşayiət edərək nəzarətə götürüb.
Məlumata görə, Rusiya təyyarəsi əvvəlcədən təsdiqlənmiş uçuş planı olmadan və transponderləri söndürülmüş vəziyyətdə uçuş həyata keçirib. Bu isə mülki və hərbi aviasiya üçün ciddi risk hesab olunur.
Kosinyak-Kamış bu addımı təsadüfi saymadığını vurğulayaraq bildirib:
“Bu, Rusiya tərəfindən NATO ölkələrinin hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirməyə yönəlmiş növbəti aqressiv addımdır”.
Polşa müdafiə naziri qeyd edib ki, transpondersiz uçuşlar digər hava vasitələri üçün təhlükə yaradır və regionda təhlükəsizliyə birbaşa riskdir.
Onun sözlərinə görə, bu cür hallara Polşa pilotları operativ şəkildə reaksiya verməyə davam edəcək.
Qeyd edək ki, bundan əvvəl də Rusiya hərbi aktivliyi ilə bağlı oxşar hadisələr qeydə alınıb. Belə ki, Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Admiral Qriqoroviç” freqatının Böyük Britaniya sahilləri yaxınlığında şübhəli manevrlər etməsi diqqət çəkmişdi.
Məlumata görə, gəmi strateji əhəmiyyətli ərazilərə yaxın hərəkət edib və bir neçə gəmidən ibarət qrup tərəfindən müşayiət olunub. Bu fəaliyyət NATO-nun reaksiyasını yoxlamaq və güc nümayişi kimi qiymətləndirilir.





















