Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədirPrezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət Azərbaycanın informasiya siyasətinin prioritetləri, milli-mənəvi dəyərlərin qorunması və müasir media qarşısında dayanan vəzifələr baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciəti bir daha göstərir ki, radio və televiziya yalnız informasiya yayımı vasitəsi deyil, həm də milli kimliyin qorunması, dövlətçilik ənənələrinin yaşadılması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün strateji platformadır.
Azərbaycan radiosunun 1926-cı il noyabrın 6-da fəaliyyətə başlaması ölkəmizin ictimai-siyasi və mədəni həyatında yeni mərhələnin əsasını qoyub. Bir əsrə yaxın müddətdə radio xalqımızın həyatında mühüm yer tutaraq milli musiqimizin, ədəbiyyatımızın, dilimizin və mədəni irsimizin təbliğinə böyük töhfələr verib. Azərbaycan televiziyasının yaranması isə informasiya məkanımızın inkişafında yeni imkanlar açıb, cəmiyyətin maariflənməsinə, ictimai düşüncənin formalaşmasına və milli dəyərlərin geniş auditoriyaya çatdırılmasına xidmət edib.
.Prezident İlham Əliyevin müraciətində diqqət çəkən əsas məqamlardan biri teleradionun informasiya təhlükəsizliyinin təmin edilməsindəki roludur. Müasir dünyada informasiya mübarizəsinin getdikcə kəskinləşdiyi, saxta xəbərlərin və müxtəlif manipulyasiya vasitələrinin geniş yayıldığı bir şəraitdə milli medianın məsuliyyəti daha da artır. Belə bir dövrdə radio və televiziya dövlətimizin maraqlarının müdafiəsində, cəmiyyətin düzgün məlumatlandırılmasında və ölkəmizə qarşı aparılan informasiya kampaniyalarının qarşısının alınmasında mühüm vasitədir.
Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlərin beynəlxalq ictimaiyyətə çatdırılması da milli medianın əsas vəzifələrindəndir. Xüsusilə Vətən müharibəsində qazanılan Zəfər, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış prosesi obyektiv və dolğun şəkildə işıqlandırılmalıdır. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Azərbaycanın informasiya məkanında güclü və peşəkar mövqeyinin olmasını tələb edir.
Dövlət başçısının müraciətinin mühüm istiqamətlərindən biri də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan teleradiosunun inkişafındakı tarixi xidmətlərinin qiymətləndirilməsidir. Heydər Əliyev milli medianı dövlətçilik ideologiyasının, milli birliyin və mənəvi dəyərlərin qorunmasının mühüm vasitələrindən biri hesab edirdi. Onun bu sahəyə göstərdiyi diqqət və qayğı Azərbaycan radio və televiziyasının inkişafında, peşəkar kadr potensialının formalaşmasında və milli mədəniyyətin təbliğində mühüm rol oynayıb.
Bu gün həmin ənənələrin müasir dövrün tələblərinə uyğun davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, regional və qlobal miqyasda artan nüfuzu informasiya sahəsində də yeni imkanlar və məsuliyyətlər yaradır. Milli media ölkənin siyasi, iqtisadi, sosial və mədəni uğurlarını təqdim etməklə yanaşı, dövlətçilik maraqlarının müdafiəsində də fəal mövqe nümayiş etdirməlidir.
Digər tərəfdən, rəqəmsal texnologiyaların sürətli inkişafı teleradio sahəsində yeni yanaşmaları zəruri edir. Bu gün informasiya istehlakı dəyişib, sosial şəbəkələr və internet platformaları ənənəvi medianın fəaliyyətinə ciddi təsir göstərir. Buna görə də televiziya və radio müasir texnologiyaların imkanlarından səmərəli istifadə etməli, gənc nəslin maraqlarına uyğun yeni layihələr hazırlamalı və auditoriya ilə əlaqələrini daha da genişləndirməlidir.
Xüsusilə Azərbaycan dilinin qorunması, ədəbi dil normalarına riayət olunması, milli musiqi və incəsənətin təbliği, gənclərin vətənpərvərlik ruhunda maarifləndirilməsi teleradio fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır. Efir məkanında keyfiyyətli məzmunun artırılması, peşəkar jurnalistikanın inkişafı və ictimai maraqların üstün tutulması cəmiyyətin mediaya etimadını daha da gücləndirə bilər.
Prezident İlham Əliyevin müraciəti televiziya və radio işçilərinin əməyinə verilən yüksək qiymətlə yanaşı, bu sahənin gələcək inkişafına dair mühüm mesajları da özündə ehtiva edir. Çünki güclü dövlətin güclü informasiya məkanı olmalıdır. Milli maraqları müdafiə edən, həqiqəti əsas götürən, peşəkarlıq və məsuliyyət prinsiplərinə söykənən media ölkənin ideoloji təhlükəsizliyinin mühüm dayaqlarından biridir.
Bütün bunlar onu göstərir ki, Azərbaycan radiosunun 100 illik, televiziya yayımının isə 70 illik tarixi yalnız keçmişin uğurlarının qeyd edilməsi deyil, həm də gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından əlamətdar hadisədir. Prezident İlham Əliyevin müraciətində ifadə olunan yanaşma milli teleradionun qarşısında duran əsas vəzifəni bir daha aktuallaşdırır: Azərbaycan həqiqətlərini qorumaq və yaymaq, milli kimliyi yaşatmaq, dövlətçilik maraqlarına xidmət etmək və müasir informasiya çağırışlarına çevik cavab vermək.
Azərbaycan teleradiosu bundan sonra da milli birliyin, dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynamağa davam etməlidir.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı





















