Rusiya Prezidenti Vladimir Putinin “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı ekspertlər arasında müzakirə olunmaqda davam edir.
Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, Putinin çıxışından əsas nəticə Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirmək niyyətində olmasıdır.
Onun sözlərinə görə, Rusiya Prezidenti eyni zamanda müharibənin ölkəsi üçün mənfi nəticələrinin olduğunu etiraf edib:
“Buna baxmayaraq, Putin Ukraynaya qarşı müharibəyə başlamaqdan başqa Rusiyanın alternativinin olmadığını iddia edir. Bu isə Moskvanın mövcud siyasətində ciddi dəyişiklik gözlənilmədiyini göstərir”.
Politoloq qeyd edib ki, Vladimir Putin çıxışı zamanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin Rusiya üçün əhəmiyyətini də vurğulayıb.
“Bu marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçdiyini xatırladan Putin ölkəmizlə bağlı heç bir problemin olmadığını, Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ barədə əlaqə saxladığını bildirib. Rusiya Prezidenti layihənin ləngiməsinin əsas səbəbinin İranla bağlı olduğunu da işarə edib. O, qeyd edib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin reallaşması təkcə Rusiyadan asılı deyil və Moskva kredit resursları ilə təmin etməyə hazırdır. Eyni zamanda, İran tərəfinin üzərinə düşən işləri tamamlamalı olduğunu vurğulayıb.
Yəni Putin faktiki olaraq demək istəyib ki, Tehran üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyib. Azərbaycan Prezidenti İlham Əliyev də daha əvvəl bildirmişdi ki, “Şimal-Cənub” dəhlizində çatışmayan əsas dəmir yolu hissəsi İran ərazisində yerləşir.
Ümumilikdə, təxminən 7,2 min kilometrlik “Şimal-Cənub” marşrutu Rusiya, Azərbaycan və İran üzərindən Hindistan istiqamətində yükdaşımaları sürətləndirməyi və Süveyş kanalı üzərindən keçən ənənəvi dəniz marşrutuna alternativ yaratmağı nəzərdə tutur”.
Arzuman Muradlı vurğulayıb ki, Avropa ölkələrinin sanksiyaları ilə üzləşən Rusiya üçün “Şimal-Cənub” dəhlizinin strateji əhəmiyyəti artır.
“Rusiya Hind okeanına çıxış üçün alternativ yollar axtarır və bu dəhliz vasitəsilə müxtəlif ölkələrə, o cümlədən Hindistana çıxış imkanlarını genişləndirmək istəyir. Lakin ABŞ-İran gərginliyi davam etdiyi və bölgədə yeni müharibənin başlanması ehtimalı yüksək olduğu müddətdə dəhlizin tam gücü ilə fəaliyyətə başlaması problem olaraq qalır.
Hindistan da “Şimal-Cənub” dəhlizinin reallaşmasında maraqlıdır. Ancaq bunun üçün Yeni Dehli İran ətrafındakı gərginliyin aradan qaldırılmasını, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını istəyir.
Bunun belə olduğunu Vladimir Putin özü də son çıxışında bildirib. Onun sözlərinə görə, Hindistanın Baş naziri Narendra Modi görüşlər zamanı Ukrayna məsələsini daim gündəmə gətirir. Modi Putinlə son görüşündə açıq şəkildə bildirib ki, müharibə dayandırılmalıdır və qarşıdurmanın davam etməsi heç bir ölkənin maraqlarına cavab vermir. Putin Modi ilə görüşündə Hindistan Baş nazirinin müharibə ilə bağlı mövqeyindən narazı olduğunu nümayiş etdirməməyə çalışsa da, “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışında hindistanlı həmkarının münaqişə tərəfləri üçün məqbul həll yolları axtarmaq səylərini yüksək qiymətləndirib”, – deyə politoloq bildirib.





















