image-img_20260315_110244_576backend

Qaqarini kim öldürmək istəyirdi?- Detallar

image-ads-728x90

1961-ci il oktyabrın 17-də Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı Moskvada işə başladı. Yerli və xarici müşahidəçilərin diqqətini cəlb edən məqamlardan biri isə o dövrdə planetin ən məşhur insanlarından sayılan Yuri Qaqarinin qurultayın işində iştirak etməməsi oldu.

Halbuki əvvəlcədən həm onun, həm də avqustun əvvəlində kosmosa uçan “kosmonavt №2” German Titovun qurultaya nümayəndə seçildiyi elan edilmişdi.

Ali partiya tədbirində Qaqarinin görünməməsi xarici mətbuatda müxtəlif ehtimalların irəli sürülməsinə səbəb oldu. Lakin iki həftə davam edən qurultayın son günlərində Qaqarin tədbirdə peyda oldu və bununla da yayılan şayiələr dayandı.
Bununla belə, “kosmonavt №1”in görünüşündə diqqət çəkən bir dəyişiklik vardı – sol qaşının üstündə çapıq. Rəsmi açıqlamaya görə, o, Krımda istirahət edərkən qızı ilə oynayarkən yıxılıb və qaşı yarılmışdı. Trud qəzetinə verdiyi müsahibədə Qaqarin özü də bildirirdi ki, qızı qucağında olarkən ayağı büdrəyib, qızını qorumaq üçün əllərini boşaltmadığından üzü üstə yerə yıxılıb və alnı yarılıb.

Lakin hadisənin başqa cür baş verdiyini iddia edənlər də vardı. Qaqarin kosmosa uçuşundan sonra həm ölkə daxilində, həm də xaricdə tez-tez səfərlərdə olurdu və bu səfərlər adətən ziyafətlərlə başa çatırdı. Nəticədə, alkoqola əvvəlcə meyli olmasa da, sonradan müəyyən həvəs yarandığı bildirilirdi. Sovet İttifaqının ilk qəhrəman kosmonavtlarından biri və Hərbi Hava Qüvvələrinin kosmos üzrə məsul müavini general Nikolay Kamanin də bu vəziyyəti narahatlıqla izləyirdi.

1961-ci il sentyabrın 14-də Qaqarin ailəsi ilə birlikdə, eləcə də Kosmonavtların Hazırlıq Mərkəzinin bir sıra əməkdaşları – o cümlədən German Titov və general Kamanin – istirahət üçün Krıma yollanırlar. Burada Qaqarinin Anna adlı bir tibb bacısına maraq göstərdiyi, lakin onun buna qarşılıq vermədiyi bildirilir.

Oktyabrın 3-də baş verdiyi deyilən hadisəyə görə, xeyli içki qəbul etmiş Qaqarin dostlarının əyləndiyi otaqda kart oynayan həyat yoldaşı Valentinaya yatmağa getdiyini deyir. Lakin bir qədər sonra Valentinaya xəbər verilir ki, Qaqarin tibb bacısı Annanın otağına daxil olub. Valentina həmin otağın qapısını döyməyə başlayır.

Hadisənin başqa versiyasına görə, bu zaman Qaqarin balkona çıxaraq özünü aşağı atır. Balkon yerdən təxminən iki metr hündürlükdə idi. Düşərkən ayağı üzüm tənəyinə ilişir və başı üstə yerə yıxılır. Dostları onu tapanda huşsuz vəziyyətdə və qan içində olduğu bildirilir.

Aldığı xəsarətlərin ciddi olduğu iddia edilir və buna görə də Yuri Qaqarin Sovet Kommunist Partiyasının XXII qurultayının böyük hissəsində iştirak edə bilməmişdi.

Yadigar Sadıqlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki