Bunu Zefer.media-ya keçmiş hərbçi Amil Əbilov deyib.
“Bizim zabit dostumuz var, adı mayor Səfərov Cavid… O, aylar öncə öz qaynının adına ev alıb, çünki postda duran, cəbhə bölgəsində xidmət edən zabitdir. Həmin məsələ ilə bağlı iş adamı İsfəndiyar Axundovun yanına getdik. Ona dedik: “Cavid Səfərov qaynının adına ev alıb, özü də zabitdir, ona görə də hər dəfə gedib-gələ bilmir, 20 min də cərimə yazılıb. İsfəndiyar Axundov da sənəddə cızma-qara etdi, biz də kağıza baxmadıq, elə bildik cəriməni silib. Aşağıda ödəniş yerində anlaşıldı ki, o, sözügedən məbləği pozmaq yerinə cəriməni 25 min edib və nəticədə xeyli mübahisəmiz yaşandı. Sonra zabitin qaynından 5 min azn alaraq həmin cəriməni siliblər. Biz də narazılıq etdik ki, niyə rüşvət alırsınız, özü də bir Azərbaycan zabitindən…”, – hərbçi diqqətə çatdırıb.
O, əlavə edib ki, həftələr sonra bəhs olunan qurumdan qazi Ceyhun Ağayevdən Amil Əbilovun nömrəsini alıblar:
“Onların mətbuat katibləri bildirdi ki, “üzr istəyirik anlaşılmazlıq baş verib. Gəlin, 5 min məsələsini həll edək”. Oraya yollandıq, qeyd etdilər ki, telefonları içəri salmaq qadağandır. Bizə qəribə gəldi. Məcbur telefonları təhvil verib, içəri daxil olduq. İsfəndiyar bəy, birdən-birə söylədi: “Hə, siz girin, mən də deyim bunlar reketdirlər”. Güldüm və vurğuladım: “İnsanların haqqına girmək sizin üçün adi haldır”. İndi də haqqımızda böhtan xarakterli, yalan paylaşımlar etməyə başlayıblar.
Guya zabitimiz söyləyib ki, ev almaq mövzusunu heç kim bilməsin, yoxsa dövlət ona ev verməz. Lakin anlamırlar ki, zabit işlədiyi müddətdə öz maaşı ilə istədiyi qədər, 4 dənə və s. ev ala bilər. Həmçinin, dövlətimiz də verir. Onlar bu haqda doğru-düzgün məlumatlı belə deyillər, üstəlik böhtanlar yağdırırlar”.
Qeyd olunan problemlə əlaqədar qarşı tərəfin fikirlərini də işıqlandırmağa hazırıq.





















