20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi qeyd olunur. Bu tarix işğaldan azad edilmiş Zəngilanın keçmişdən gələcəyə doğru dəyişən simasını, doğma torpaqlara qayıdan insanların sevincini və Böyük Qayıdış prosesinin real nəticələrini əks etdirir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
2020-ci ilin 20 oktyabrında Zəngilan şəhərinin azad edilməsi ilə rayonun tarixində yeni dövr başladı. Vətən müharibəsində əldə olunan Zəfərdən sonra əsas məqsədlərdən biri dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və sakinlərin doğma yurdlarına qaytarılması oldu. Bu istiqamətdə Zəngilan xüsusi nümunələrdən birinə çevrilib. 2022-ci ilin mayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başladılar. Bununla işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın ilk ünvanlarından biri Zəngilan oldu. 2026-cı il oktyabrın 1-dək Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, 903 nəfər məskunlaşıb. Bu rəqəmlər yalnız statistika deyil. Hər bir rəqəmin arxasında uzun illər doğma yurd həsrəti ilə yaşayan ailələrin qayıdış hekayəsi dayanır. Qayıdan ailələrin sosial təminatı və məşğulluğu da diqqət mərkəzində saxlanılır. Sakinlərin peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin olunmaları nəzərdə tutulur.
Zəngilan şəhərində də quruculuq işləri ardıcıl şəkildə davam etdirilir. 2026-cı ildə şəhərdə 104 mənzilli ilk yaşayış kompleksinin istifadəyə verilməsi mühüm hadisələrdən biri oldu. Kompleksdə 12 bina, müxtəlif otaq sayına malik mənzillər, yaşayış və xidmət üçün nəzərdə tutulmuş sahələr yaradılıb. Zəngilanın inkişafı yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiq edilməsi qarşıdakı dövr üçün şəhərsalma siyasətinin əsas istiqamətlərini müəyyənləşdirib. Yol-kommunikasiya şəbəkəsinin, sosial obyektlərin və müxtəlif xidmət sahələrinin yaradılması şəhərin yeni simasını formalaşdırır.
Zəngilanın timsalında Böyük Qayıdışın mahiyyəti aydın görünür. Burada məqsəd yalnız insanları əvvəlki yaşayış məntəqələrinə qaytarmaq deyil, onların rahat, təhlükəsiz və müasir şəraitdə yaşamasını təmin etməkdir. İllərlə işğal altında qalmış torpaqlarda məktəblərin, yaşayış komplekslərinin, yolların, sosial obyektlərin və yeni iş yerlərinin yaradılması gələcəyə hesablanmış böyük quruculuq prosesidir.
20 oktyabr Zəngilan üçün azadlıq günüdür. Bu günün davamı isə qayıdış, quruculuq və yeni həyatla yazılır. Zəngilanın yenidən məskunlaşması Azərbaycanın Böyük Qayıdış siyasətinin ən mühüm nəticələrindən biri kimi tarixə düşür.
Samirə Adəm qızı





















