Rusiyada ZIF markası altında istehsal olunan və xarici görünüşü ilə məşhur Mercedes-Benz G-Class (“Gelendvagen”) modelini xatırladan yeni elektrik avtomobili satışa təqdim edilib.
Korrekt.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, ZIF Morena modeli dizayn baxımından əfsanəvi alman yolsuzluq avtomobilinə olduqca bənzəyir. Bununla belə, ölçüləri daha kiçikdir. Avtomobilin uzunluğu 4010 mm, eni və hündürlüyü isə 1850 mm təşkil edir.
Yeni model sosial şəbəkələrdə və avtomobil həvəskarları arasında əsasən görünüşünə görə diqqət çəkib. Bir çox istifadəçi avtomobili zarafatla “uzaqdan Gelendvagenə bənzəyən model” adlandırıb.
Bununla yanaşı, ZIF Morena texniki göstəricilərinə görə də tənqid olunur. Avtomobil cəmi 10,2 at gücündə elektrik mühərriki ilə təchiz edilib. 14,4 kVt/saat tutumlu litium-dəmir-fosfat batareyası ilə avtomobil bir enerji doldurulması ilə 200 kilometrədək məsafə qət edə bilir.
İstehsalçı əlavə ödəniş müqabilində benzin generatoru da təklif edir. Bu generator sayəsində avtomobil hibrid rejimdə istifadə oluna bilər və yürüş məsafəsi artırılır.
ZIF Morena-nın başlanğıc qiyməti 1,3 milyon rubl (təxminən 17 min ABŞ dolları) təşkil edir. Standart komplektasiyaya çoxfunksiyalı sükan, kondisioner və böyük sensor ekranlı multimedia sistemi daxildir.
Bildirilir ki, avtomobilin yığılması Rusiyada həyata keçirilir. Lakin ZIF Auto şirkətinin öz istehsal müəssisəsi yoxdur və istehsal tərəfdaş zavodlarda təşkil edilir.
Qeyd edək ki, son illərdə Rusiyada təqdim olunan bir sıra yeni avtomobil modellərinin Çin istehsalı olan avtomobillərin lokallaşdırılmış və dizayn baxımından dəyişdirilmiş versiyaları olduğu barədə ekspertlər tərəfindən tez-tez fikirlər səsləndirilir.





















