Ötən il Rusiyada məhkəmələr 2 min 78 nəfəri “terrorçuluq” maddələri ilə təqsirli bilib. Bu, əvvəlki illə müqayisədə iki dəfə çoxdur və 1996-cı ildə qüvvəyə minmiş Cinayət Məcəlləsinin qəbulundan bəri qeydə alınan ən yüksək göstəricidir. Korrekt.az xəbər verir ki, bunu “Birinci şöbə” hüquq müdafiə layihəsi “Parubets Analytics” ilə birgə hazırladığı araşdırmada bildirib.
Müqayisə üçün, 2024-cü ildə həmin maddələr üzrə 1 min 21 nəfər məhkum olunub.
Rusiya Ali Məhkəməsi yanında Məhkəmə Departamenti 2025-ci ilə dair rəsmi statistikanı hələ açıqlamayıb. “Birinci şöbə” məlumatları məhkəmə kartotekaları, dövlət qurumlarının press-relizləri və media materialları əsasında toplayıb.
Layihənin hesablamalarına görə, il ərzində Rusiya məhkəmələri Cinayət Məcəlləsinin 205–205.5-ci maddələri üzrə azı 1776 hökm çıxarıb.
Ən çox tətbiq edilən 205.2-ci maddə “terrorçuluğa çağırış”, “terrorçuluğa bəraət qazandırma” və ya “terrorçuluğun təbliği” ilə bağlıdır. Bu maddə üzrə həmin 2 min 78 nəfərdən 889-u, yəni təxminən hər iki şəxsdən biri mühakimə olunub.
Məhkumların azı 630 nəfəri Ukrayna vətəndaşı olub ki, bu da ümumi sayın təxminən üçdə birini təşkil edir. Onların arasında həm hərbi əsirlər, həm də mülki şəxslər var.
“Memorial” hüquq müdafiə təşkilatı mühakimə olunan 929 nəfərin işində siyasi motivli təqib əlamətləri müəyyənləşdirib ki, bu da ümumi göstəricinin təxminən 45 faizidir.
Araşdırma müəlliflərinə görə, “terrorçuluq” maddələri üzrə kəsilən cəzalar artıq dövlətə xəyanət ittihamları ilə müqayisə edilə bilər.
Hökmü bilinən məhkumların yarıdan çoxu 15 ildən ömürlük həbsədək cəzaya məhkum edilib. Məhkəmələr 15 nəfərə ömürlük həbs cəzası kəsib.
Bu maddələrlə mühakimə olunan ən gənc şəxsin isə 14 yaşı var.





















