İrana bağlı qüvvələr İsrailin Baş naziri Benjamin Netanyahuya qarşı hücumların davam etdiriləcəyini açıqlayıb.
Korrekt.az xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli Tasnim Xəbər Agentliyinin yaydığı məlumata görə, qurumun “Əsl Vəd-4” əməliyyatının 52-ci dalğası ilə bağlı bəyanat yayımlanıb.
Bəyanatda bildirilib ki, əgər Netanyahu sağ olsaydı, onu izləyib öldürməyə yönəlmiş hücumlar qətiyyətlə davam etdiriləcəkdi.
Açıqlamada qeyd olunub ki, əməliyyatın son dalğası zamanı İsrailin Təl-Əviv şəhərində yerləşən sənaye zonaları, eləcə də bölgədəki bəzi hərbi obyektlər ağır raketlərlə hədəf alınıb. Bundan başqa, ABŞ qüvvələrinin yerləşdiyi bir sıra bazalara da raket və pilotsuz uçuş aparatları ilə hücumların həyata keçirildiyi iddia edilib.
Bu arada sosial şəbəkələrdə Benjamin Netanyahunun öldürüldüyü barədə yayılan iddialara İsrail hökuməti reaksiya verib.
Baş nazirin ofisindən bildirilib ki, yayılan məlumatlar saxta xəbərlərdir və Netanyahu sağdır.
Qeyd edək ki, Netanyahu martın 13-də onlayn formatda keçirilən mətbuat konfransında iştirak edib. Lakin həmin vaxt İsraildə elan edilən ölkə üzrə hava hücumu xəbərdarlığının səsi görüşün keçirildiyi məkanda eşidilməyib və bu da sosial şəbəkələrdə müxtəlif iddiaların yayılmasına səbəb olub.





















