İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Böyük Tehran üzrə komandanı general-mayor Sərdar Həsənzadə ölkəsinin hərbi imkanlarının yüksək səviyyədə olduğunu və silahlı qüvvələrin istənilən təhlükəyə operativ cavab verməyə hazır olduğunu bildirib.
Korrekt.az xəbər verir ki, İran Televiziya Agentliyinin məlumatına görə, general Həsənzadə İkinci Məcburi Müharibə şəhidlərinin anım mərasimində jurnalistlərə açıqlamasında İranın müdafiə və çəkindirici potensialının əsasən daxili imkanlar hesabına formalaşdırıldığını vurğulayıb.
“Bu gün İranın çəkindirici və hücum gücü tamamilə yerli imkanlara əsaslanır. Əldə etdiyimiz təcrübələr sayəsində hər keçən gün hərbi gücümüzü daha da artırırıq”, – deyə o bildirib.
SEPAH komandiri qeyd edib ki, İran Silahlı Qüvvələri düşmən tərəfin mümkün səhv addımlarına və ya təxribatlarına qarşı dərhal reaksiya vermək qabiliyyətinə malikdir.
“Silahlı qüvvələrimiz güclüdür və düşmənlərin edə biləcəyi hər hansı səhv və ya yanlış hesablamaya operativ və qətiyyətli cavab verməyə tam hazırdır”, – deyə Həsənzadə vurğulayıb.
O, həmçinin İranın rəqiblərinə xəbərdarlıq edərək bildirib ki, ölkənin hərbi potensialı dəfələrlə sınaqdan keçirilib və bu cəhdlərin hər biri uğursuzluqla nəticələnib.
“Səhv hesablamalara yol verməyin. İran İslam Respublikasının gücünü meydanda sınamaq istəyənlər keçmişdə də buna cəhd göstəriblər və hər dəfə daha ağır məğlubiyyətlə üzləşiblər”, – deyə general qeyd edib.
Həsənzadənin sözlərinə görə, İran xalqı uzun müddətdir müqavimət nümayiş etdirir və zərurət yaranacağı təqdirdə silahlı qüvvələrin son dövrdə əldə etdiyi yeni imkanlardan istifadə edərək ölkənin təhlükəsizliyini təmin edəcəyinə inanır.





















