image-1backend

Səxavət Ənvəroğlunun yeni kitabı işıq üzü gördü

image-ads-728x90

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin üzvü dənizçi-şair Səxavət Ənvəroğlunun “Xatirələr ünvanımdır” adlı növbəti kitabı işıq üzü görüb. Qubada fəaliyyət göstərən A.A.Bakıxanov adına “Gülüstan” elmi-ədəbi məclisinin və Xaçmazda fəaliyyət göstərən “Ulduzlar”, “İlham çeşməsi” ədəbi məclisinin üzvü olan S.Ənvəroğlunun şeir və yazıları vaxtaşırı dövri mətbuatda dərc edilir, sözlərinə mahnılar bəstələnib tanınmış müğənnilər tərəfindən ifa olunur. Müəllifin şeirlərində Vətən, yurd, təbiət sevgisi, ata-anaya hörmət, böyüyə ehtiram yaradıcılığının əsas xəttini təkil edir.

Əvvəlki kitablarda olduğu kimi, bu kitabda da müəllifin müxtəlif illərdə qələmə aldığı şeirlər, lirik düşüncələr, 44 günlük II Qarabağ müharibəsində müzəffər ordumuzun qazandığı ugurlardan və canlarını BÜTÖV AZƏRBAYCAN uğrunda qurban verən Vətən şəhidlərinin müqəddəs ruhlarına ehtiramdan yaranan poetik nümunələr, dənizçi ömrünün təəssüratları və həyat müşahidələrini əks etdirən əsərlər bir araya gətirilib. Əsərlərdə Vətənə məhəbbət, insanın mənəvi dünyası, xatirələrin yaşatdığı duyğular, dostluq, sədaqət, ailə dəyərləri və həyatın fəlsəfi məqamları poetik dillə oxucuya təqdim olunur.

Müəllif əsərlərində həyatın müxtəlif çalarlarını səmimi poetik dillə ifadə edir, mənəvi dəyərlərin qorunmasının vacibliyini önə çəkir. Kitabda yer alan şeirlərdə vətənpərvərlik duyğuları, doğma yurda bağlılıq, insan sevgisi və xeyirxahlıq ideyaları aparıcı xətt təşkil edir.

Müəllif zəngin həyat təcrübəsini səmimi ifadə tərzi ilə birləşdirərək oxucunu duyğular aləminə aparır.

Şairin dənizçilik həyatı ilə bağlı şeirlərində tənha günlərində amansız fırtınalarda yaşadığı duyğular canlandırılır. Sevgidə etibarı əsas tutan müəllifin saf duyğulardan  yaranmış məhəbbət şeirləri də səmimiyyətlə qələmə alınıb.

Kitaba həmçinin müəllifin qəzəlləri, bayatıları, uzun illərin dostlarına həsr etdiyi və ya onların dilindən yazdığı şeirləri, şirin-şəkər balaları düşünməyə vadar edən tapmacaları da daxil edilib.

“Xatirələr ünvanımdır” Səxavət Ənvəroğlunun oxucularla doqquzuncu görüşüdür. İndiyə qədər onun “Ürək məndən inciyibdir” (2006), “Sən olacaqsan” (2014), “Dünyanın işindən baş açmaq olmur” (2017), “Sətir-sətir oxu məni” (2018),  “Gedirəm…” (2020) “Məni bağışla…” (2022), “Xatirələr qocalmır” (2024) və “Gecikmiş məhəbbət” (2025) kitabları işıq üzü görüb.

Kitabın redaktoru və “Ön söz”ün müəllifi Bakı Dövlət Universitetinin dosenti, şair-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər  Birliklərinin üzvü Anar Məmmədovdur.

İnanırıq ki, müəllifin digər kitabları kimi “Xatirələr ünvanımdır” kitabı da qədirbilən oxucular tərəfindən rəğbətlə qarşılanacaq.

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki