image-1backend

Stalinin yeganə qorxduğu adam: Jukovun sirli həyatı…

image-ads-728x90

O, XX əsrin ən təsirli şəxsiyyətlərindən biri hesab olunur.
İkinci Dünya müharibəsinin qəhrəmanı, alman generallarının kabusu, sovet rəhbərlərinin çəkinərək yanaşdığı, qadınların isə sevimlisi idi.

Xalq arasında böyük sevgi ilə xatırlanan bu şəxsiyyət eyni zamanda həm məlum, həm də naməlum səhvləri ilə yadda qalıb. O, tarixə “Qələbə marşalı” kimi düşmüş Georgi Jukovdur.

24 iyun 1945-ci ildə  Moskvada, Qızıl Meydanda SSRİ-nin Nasist Almaniyası üzərində qələbəsinə həsr olunmuş ilk və ən möhtəşəm hərbi parad keçirilir.

30 mindən çox əsgərin iştirak etdiyi bu paradın komandanı marşal Konstantin Rokossovski idi. Paradı isə ağ at üzərində Sovet İttifaqı marşalı Georgi Jukov qəbul edirdi. Bu an onun şöhrətinin zirvəsi hesab olunurdu.

Lakin çox keçmədən vəziyyət dəyişdi. Şöhrətinin ən yüksək dövründə olan Jukov Stalin və onun ətrafı tərəfindən təqiblərə məruz qaldı və vəzifəsindən uzaqlaşdırıldı.

Georgi Jukov 1896-cı ildə Rusiyanın Kaluga vilayətinin Strelkovka kəndində anadan olmuşdur.

Uşaqlıq illərindən müxtəlif işlərdə çalışmış, əvvəl doğma kəndində, daha sonra Moskvada əmək fəaliyyəti ilə məşğul olmuşdur.

Birinci Dünya müharibəsi başladıqdan sonra orduya çağırılan Jukov hərbi karyerasına məhz bu dövrdə başlamışdır.

1917-ci il Oktyabr inqilabından sonra o, bolşeviklərə qoşularaq Qırmızı Ordunun sıralarına daxil olmuşdur. 1918–1921-ci illərdə Rusiya Vətəndaş müharibəsində fəal iştirak etmişdir.

Jukovun hərbi fəaliyyətinin zirvəsi İkinci Dünya müharibəsi dövrünə təsadüf edir.

22 iyun 1941-ci ildə Almaniya SSRİ-yə hücum etdi.
“İldırım müharibəsi” strategiyasına əsaslanan alman qoşunları qəfil hücumla sovet ordusuna ağır zərbələr endirdi. Qısa müddətdə Kiyev və Leninqrad şəhərləri mühasirəyə alındı.

29 iyulda Kremlində keçirilən iclasda Baş Qərargah rəisi olan Jukov Kiyevdən qoşunların geri çəkilməsini təklif etdi. O, bu addımın zəruriliyini məntiqi şəkildə əsaslandırdı.

Lakin bu təklif Stalini qəzəbləndirdi:

– Yoldaş Jukov, necə cəsarət edirsiniz Kiyevi təslim etməyi təklif edəsiniz?

Jukov sakit şəkildə cavab verdi:

– Yoldaş Stalin, əgər mən Baş Qərargah rəisi kimi səhv danışıramsa, deməli, bu vəzifədə olmağa layiq deyiləm. Məni vəzifədən azad edin.

Bu hadisədən sonra Jukov vəzifəsindən uzaqlaşdırılaraq Leninqrad cəbhəsinə göndərildi.

Sonradan məlum oldu ki, Jukov həmin iclasda haqlı idi.

1941-ci ilin sentyabrında alman qoşunları Kiyevi işğal etdi və 600 mindən çox sovet əsgəri əsir götürüldü.

Payız aylarında almanlar Moskva ətrafına çatdıqda, vəziyyətdən çıxış yolu tapa bilməyən Stalin yenidən Jukova müraciət etdi və şəhərin müdafiəsini ona həvalə etdi.

Georgi Jukov qətiyyətli xarakteri, sərt qərarları və qorxmaz mövqeyi ilə seçilən hərbi lider idi. O, bəzən rəhbərliklə ziddiyyətə girsə də, strateji baxışları çox vaxt özünü doğruldurdu.

Onun həyatı həm böyük qələbələrin, həm də ağır siyasi sınaqların simvoludur.

Qoşqar Salmanlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki