Smartfonlarda əvvəlcədən quraşdırılmış tətbiqlərin əksəriyyəti ya faydasızdır, ya da digər proqramların funksiyalarını təkrarlayır.
Korrekt.az xəbər verir ki, bu barədə BGR nəşri məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, smartfon istehsalçıları kommersiya məqsədləri ilə cihazlara tərəfdaş şirkətlərin tətbiqlərini əvvəlcədən quraşdırırlar. Onlar cihazın normal işləməsinə zərər vermədən silinə biləcək beş növ tətbiqi sadalayıblar.
İlk növbədə, SİM-kart quraşdırıldıqdan sonra mobil operator tərəfindən avtomatik yüklənən tətbiqlərin silinməsi tövsiyə olunur.
İkinci kateqoriyaya smartfon istehsalçılarının zavoddan quraşdırdığı proqramlar daxildir. Məsələn, “Samsung” cihazlarında “Things” və “Wearable”, “Motorola” telefonlarında “Notifications”, “Google” cihazlarında isə “YouTube Music” və “Google TV” kimi tətbiqlər əvvəlcədən quraşdırılır. Məlumata görə, bu proqramların bir çoxu reklam bildirişləri göndərmək üçün istifadə olunduğundan onların silinməsi məsləhət görülür.
Bundan başqa, “Samsung”un “Samsung Calendar”, “OnePlus”un “My Files” kimi tətbiqləri əməliyyat sistemində mövcud olan funksiyaları təkrarlayır və istifadəçilər üçün əlavə fayda vermir.
Ekspertlər bildiriblər ki, istehsalçılar bəzən tərəfdaş şirkətlərin tətbiqlərini cihazlara quraşdıraraq bunun müqabilində gəlir əldə edirlər.
Məqalədə vurğulanıb ki, əksər hallarda smartfonlara ayrıca antivirus proqramı quraşdırmağa ehtiyac yoxdur. Çünki bu cür tətbiqlər çox vaxt əməliyyat sisteminin daxili təhlükəsizlik mexanizmlərinin işinə mane ola bilir.





















