ABŞ Prezidenti Donald Tramp Nyu-York meri vəzifəsinə Demokratların namizədi Zöhran Məmdaninin İsrailin Baş naziri Benyamin Netanyahunu Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında həbs etdirəcəyinə dair açıqlamalarını öz siyasi gündəmi üçün istifadə etməyə başlayıb.
CNN-in təhlilinə görə, Tramp Truth Social platformasında paylaşdığı mesajda bildirib ki, “Benyamin Netanyahu ABŞ-da olduğu müddətdə heç bir halda həbs olunmayacaq”. Bununla da o, təkcə yaxın müttəfiqini müdafiə etməyib, həm də Demokrat Partiyasını radikal qüvvə kimi təqdim etmək üçün yeni siyasi arqument formalaşdırmağa çalışıb.
Nəşr qeyd edir ki, hüquqi baxımdan Məmdaninin belə bir addım atması real görünmür. ABŞ Roma Statutunu ratifikasiya etmədiyi üçün Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarlarını icra etmək öhdəliyi daşımır. Bundan əlavə, Vaşinqton uzun illərdir ki, BMT Baş Assambleyasında iştirak etmək üçün müxtəlif ölkələrin liderlərinin Nyu-Yorka səfərinə imkan yaradır.
CNN hesab edir ki, burada əsas məsələ hüquqi nəticədən çox siyasi qarşıdurmadır. Tramp Netanyahu məsələsini Demokrat Partiyasının sol qanadını hədəfə almaq və qarşıdan gələn aralıq seçkilər ərəfəsində partiyanı ifrat sol mövqedə göstərmək üçün əlverişli fürsət kimi qiymətləndirir.
Məmdani isə İsrailin Qəzza əməliyyatlarını sərt tənqid edən yeni nəsil demokrat siyasətçilərdən hesab olunur. O, daha əvvəl verdiyi açıqlamalarda Benyamin Netanyahunun yerinin Haaqa olduğunu və onun Beynəlxalq Cinayət Məhkəməsinin ittiham etdiyi müharibə cinayətkarı kimi qiymətləndirildiyini bildirmişdi.
Bununla yanaşı, həm Bayden, həm də Tramp administrasiyaları İsrailin Qəzzadakı hərbi əməliyyatlarını “soyqırımı” kimi qiymətləndirmədiklərini bəyan ediblər.
CNN yazır ki, Demokrat Partiyasında İsrail siyasəti ilə bağlı fikir ayrılığı getdikcə dərinləşir. Partiyanın mütərəqqi qanadı ABŞ-ın İsrailə hərbi yardımını sərt tənqid edir. Məsələn, Miçiqandan Senata namizəd Əbdül Əl-Səyid vergi vəsaitlərinin xaricdə hərbi əməliyyatlara deyil, ABŞ-da təhsil, səhiyyə və digər sosial sahələrə yönəldilməsinin tərəfdarı olduğunu bildirib.
Təhlildə vurğulanır ki, Tramp əvvəllər də Demokrat Partiyasının sol cinahının tanınmış simalarını – Aleksandriya Okasio-Kortez və Berni Sandersi – bütün partiyanın siması kimi təqdim etməyə çalışıb. İndi isə Zöhran Məmdaninin də eyni siyasi strategiyanın əsas hədəfinə çevriləcəyi istisna edilmir.
CNN-in qənaətinə görə, noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində Tramp Demokratların iqtisadi məsələlərdə üstünlük qazanmasının qarşısını almaq üçün ideoloji və mədəni qarşıdurmaları ön plana çıxarmağa çalışacaq. Bu strategiyada Netanyahu və İsrail mövzusu, eləcə də Demokrat Partiyası daxilində bu məsələyə münasibətdə yaranan fikir ayrılığı mühüm rol oynaya bilər.





















