ABŞ prezidenti Donald Tramp bildirib ki, Tehran ya Vaşinqtonla güzəştə getməli, ya da ABŞ “İranda başladığı işi bitirəcək”.
Ağ Ev rəhbəri İran ətrafındakı vəziyyəti şərh edərkən bildirib ki, “Ya onlar düzgün olanı edəcəklər, ya da biz buna son qoyacağıq. Ya biz razılaşma əldə edəcəyik, ya da onlar məhv olacaqlar. Hər iki halda da biz qalib gələcəyik”.
Korrekt.az xəbər verir ki, Prezident bu barədə Çinə dövlət səfərinə getməzdən əvvəl Ağ Evin Cənub Çəmənliyində jurnalistlərlə söhbətində danışıb. Amerika lideri İranla atəşkəsdən imtina etməyə hazır olub-olmadığı sualına dəqiq cavab verməyib. “Biz bu barədə [Pekinə] uçuşda və ondan sonra düşünəcəyik”, – deyə o bildirib. Tramp yenidən hadisələrlə bağlı öz versiyasını təqdim edib. Bu versiyaya əsasən, İran əvvəllər nüvə silahı hazırlamamaq öhdəliyini qəbul etmişdi, lakin sonra bunu kağız üzərində əks etdirməkdən imtina etmişdi. “Onların nüvə silahı olmayacaq. Onlar bunu bilirlər və buna razılaşdılar. Amma sonra mənə bu barədə demədilər”, – deyə Tramp qeyd edib və əlavə edib: “Biz oyun oynamırıq. Onların nüvə silahı olmayacaq”.
ABŞ prezidenti Çin prezidenti Si Cinpinlə İranla bağlı konkret olaraq nəyi müzakirə etməyi planlaşdırdığını dəqiqləşdirməyib. “Düşünürəm ki, ilk növbədə, bu mövzuda uzun söhbətimiz olacaq. Açığı, o (Si Cinpin) olduqca ağlabatan hərəkət edir. [ABŞ qüvvələri tərəfindən İran limanlarının blokadasına] baxsaq, orada heç bir problem yoxdur. Və onlar həmin bölgədən çoxlu neft alırlar. Bizim də heç bir problemimiz olmayıb”, – deyə Amerika lideri qeyd edib.
“Düşünmürəm ki, İranla bağlı hər hansı bir köməyə ehtiyacımız var. Biz bu və ya digər şəkildə, dinc və ya başqa şəkildə qalib gələcəyik”, – deyə prezident əlavə edib.





















