Ermənistanla Türkiyə arasında sərhədin açılması üçün hələlik konkret tarix müəyyən edilməyib. Korrekt.az xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki mənbə RİA Novosti agentliyinə məlumat verib.
Mənbənin sözlərinə görə, sərhədin açılması ilə bağlı növbəti addımlar iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin gedişatından asılı olacaq.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli bildirib ki, Ankara və İrəvan may ayının ortalarında iki ölkə arasında birbaşa ticarətin başlanması üçün hazırlıq işlərini başa çatdırıblar.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl Türkiyə məhsullarının üçüncü ölkələr vasitəsilə deyil, birbaşa Ermənistana ixrac ediləcəyini açıqlamışdı.
RİA Novostinin məlumatına görə, hazırkı mərhələdə sərhədin açılacağı tarixlə bağlı qərar verilməyib. Prosesin gələcək dinamikası isə tərəflər arasında siyasi dialoqun inkişafından asılı olacaq.





















