Bir əsr əvvəl – 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elmi, mədəni və mənəvi birliyinin möhkəmləndirilməsi istiqamətində mühüm tarixi dönüş nöqtəsidir.

Bu günlərdə möhtəşəm tarixi hadisənin 100 illiyi münasibətilə Bakıda təşkil olunan Türk Dünyası Həftəsi də həmin tarixi ənənənin davamı kimi böyük tarixi və siyasi əhəmiyyətə malikdir.
Bu təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb və tədbir ölkə başçısının “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq reallaşdı.
Birinci Türkoloji Qurultayın yüz illiyi münasibətilə keçirilən tədbirlərin geosiyasi əhəmiyyəti olduqca geniş sahələri əhatə edir. Ən önəmlisi isə bu gün Türk dünyası yenidən Bakıda birləşir.
Bu gün Türk dövlətlərinin əməkdaşlığı artıq yalnız ortaq tarix və mədəni irslə məhdudlaşmır. Orta Dəhliz boyunca formalaşan yeni nəqliyyat marşrutları, enerji layihələri, rəqəmsal transformasiya, yaşıl enerji təşəbbüsləri və qarşılıqlı investisiya imkanları Türk dövlətlərinin qlobal iqtisadi və siyasi çəkisini əhəmiyyətli dərəcədə artırır.
Bir əsr əvvəl Bakıda keçirilən Türkoloji Qurultayın ortaq düşüncə və birlik ideyaları bu gün strateji əməkdaşlığın möhkəm ideoloji təməli kimi öz təsdiqini tapır.
Bir sözlə, Türk Dünyası Həftəsi” “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında qeyd edilən qlobal trendlər kontekstində türk xalqlarının ortaq mədəni irsinin öyrənilməsi, qorunması və təbliği baxımından əhəmiyyətli platformadır.
Birinci Türkoloji Qurultay bir daha Türk dünyasının birliyinin sarsılmaz olduğunu sübut etdi və hər dövrün çağırışlarına uyğun olaraq atılan addımlar bu birliyi daha da möhkəmləndirəcək.





















