Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə 1875–1920-ci illərdə milli mətbuatda ticarət məsələlərinin işıqlandırılmasına həsr olunmuş mühazirə keçirilib. Mühazirədə Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) rəhbər heyəti iştirak edib.
Qeyd edək ki, “Ədibin Evi” Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929–1940-cı illərdə Bakıda yaşadığı ilk ünvanıdır. Mir Cəlal məhz bu evdə onu məşhur edən “Bir gəncin manifesti”, “Dirilən adam” romanlarını, eləcə də bir sıra satirik hekayələrini qələmə alıb.
Tədbir çərçivəsində filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva çıxış edərək Zərdabi dövrü və sonrakı mərhələlərdə Azərbaycan mətbuatında ticarət və iqtisadi məsələlərin işıqlandırılması barədə ətraflı məlumat verib. O bildirib ki, “Əkinçi”, “Kəşkül”, “İrşad”, “Həyat”, “Tərəqqi”, “Bəsirət”, “Molla Nəsrəddin”, “Açıq söz”, “Azərbaycan” kimi qəzet və jurnallarda sahibkarlıq fəaliyyəti, bazar münasibətləri, gömrük siyasəti, daxili və xarici ticarət əlaqələri, eləcə də kənd təsərrüfatı və taxıl böhranı kimi mövzular geniş şəkildə əks olunub. Qeyd edilib ki, milli mətbuat maariflənmə və iqtisadi biliklərin təşviqi yolu ilə dövrün çağırışlarına cavab verməyə çalışıb.
Daha sonra çıxış edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva oxşar mövzuların dövrün ədəbiyyatında yer aldığını da nəzərə çatdırıb. Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın Bakıdakı ilk ünvanı “Ədibin Evi”ndə yaratdığı yaddaqalan əsərlərdən söhbət açılıb, onun satirik qələmindən çıxan hekayələrdə maariflənmənin vacibliyinin daim mövzulardan biri olduğu qeyd edilib.
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbov çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirib:
“Zamanında Milli Mətbuatımızda Azərbaycanın ticarət tarixi ilə bağlı bu cür məlumatların işıqlandırılması olduqca əhəmiyyətlidir. Bir daha bu qənaətə gəldik ki, həmin dönəmlərdə belə, Bakı təkcə Azərbaycanın deyil, bütün Qafqazın sənaye və ticarət mərkəzi olub. Bu cür intellektual görüşlər bizneslə mədəni irs arasında mühüm körpü yaradır”.
Tədbir çərçivəsində VŞQ rəhbərliyi Mir Cəlalın ədəbi irsinə dair nadir eksponatlar, şəxsi əşyalar və arxiv materialları ilə tanış olub. Tədbirin sonunda Veysəloğlu Şirkətlər Qrupu adından “Ədibin Evi”nə hədiyyə təqdim edilib, xatirə fotosu çəkdirilib.





















