Xəzər dənizinin dayazlaşması Dağıstanın ərazisini 2-3 min kvadratkilometr genişləndirib. Suyun səviyyəsinin azalması nəticəsində respublikaya inzibati baxımdan məxsus bir neçə ada quru ərazi ilə birləşib.
Bu barədə geoloq, coğrafiya elmləri üzrə fəlsəfə doktoru İdris İdrisov “RİA Novosti”yə bildirib.
Onun sözlərinə görə, Dağıstanın ərazisi əvvəlki 50,3 min kvadratkilometrdən təxminən 52-53 min kvadratkilometrə çatıb. Yaiçnı, Çeçen, Piçujonok, Bazar və Prıquşki adaları artıq materiklə birləşib və onlara avtomobillə getmək mümkündür.
İdrisov qeyd edib ki, Dağıstanın yerləşdiyi Xəzər dənizinin şimal hissəsi dayaz olması ilə seçilir. Buna görə də suyun səviyyəsinin azalması sahil xəttinin geri çəkilməsinə və geniş quru sahələrinin üzə çıxmasına səbəb olur.
Geoloq bildirib ki, Xəzər dənizinin səviyyəsi azalmağa davam edəcək. Bununla belə, 2020-ci ildən bəri müşahidə olunan sürətli eniş tempinin uzun müddət davam etməsi gözlənilmir. O, bölgədəki dəyişikliklərin dəqiq qiymətləndirilməsi üçün sahil zonasının və Xəzər dənizinin yeni rəsmi topoqrafik xəritələrinin hazırlanmasının vacibliyini vurğulayıb.
İdrisovun sözlərinə görə, dənizin səviyyəsi bir metrdən az da aşağı düşərsə, Kizlyar körfəzindəki Nordovı adası da materiklə birləşə bilər. Təxminən 63 hektar sahəsi olan ada dəniz quşlarının mühüm yuvalama məkanlarından biridir və bu dəyişikliklər ekoloji baxımdan narahatlıq doğurur.
Qeyd edilib ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından bəri azalır. Bu proses sahil xəttinin yaşayış məntəqələrindən uzaqlaşmasına, limanlarda və Volqa-Xəzər kanalında gəmiçiliyin çətinləşməsinə səbəb olub. Mütəxəssislər səviyyənin enməsini həm təbii dəyişkənlik, həm də iqlim dəyişikliyi ilə əlaqələndirirlər.





















