Azərbaycan uzun illərdir ki, Qarabağda işğal dövründə dağıdılmış mədəni, tarixi və dini irs nümunələrinin beynəlxalq səviyyədə qiymətləndirilməsi üçün UNESCO-nun monitorinq missiyasının bölgəyə göndərilməsini tələb edir. Çünki beynəlxalq ekspertlərin yerində apardıqları obyektiv araşdırmalar işğal illərində mədəni irsə vurulmuş ziyanın real miqyasını dünya ictimaiyyətinə təqdim etmək baxımından mühüm əhəmiyyət daşıyır. Buna baxmayaraq, UNESCO-nun hərtərəfli qiymətləndirmə missiyası indiyədək Azərbaycanın Qarabağ bölgəsinə səfər etməyib. UNESCO bunun üçün müxtəlif prosedur və razılaşdırma məsələlərinin vacibliyini əsas gətirsə də, bu mövqe təşkilatın passivliyi və hadisələrə laqeyd münasibətinin göstəricisidir.
Halbuki son illərdə Ukrayna, Mali, İsrail və İran ərazilərində mədəni irs obyektlərinə zərər dəydikdə təşkilat operativ bəyanatlar verib, beynəlxalq hüququn, xüsusilə də 1954-cü il Haaqa Konvensiyasının müddəalarını xatırladıb. Lakin təəssüf ki,Azərbaycanın vaxtı ilə işğal edilmiş ərazilərində baş vermiş dağıntılarla bağlı eyni prinsipial mövqe nümayiş etdirilməyib.
İşğaldan dərhal sonra azad edilmiş ərazilərdə aparılan müşahidələr göstərirdi ki, onilliklər ərzində yüzlərlə tarixi-mədəniyyət abidəsi dağıdılıb, məscidlər, qəbiristanlıqlar, muzeylər və digər irs nümunələri ciddi zərər görüb. Hazırda isə dövlət tərəfindən genişmiqyaslı bərpa və yenidənqurma layihələri həyata keçirilir, tarixi abidələrin restavrasiyası istiqamətində ardıcıl işlər görülür. Bu baxımdan beynəlxalq monitorinq missiyasının nəticələri keçmiş dağıntıların sənədləşdirməklə yanaşı, həm də aparılan bərpa proseslərinin beynəlxalq müstəvidə qiymətləndirilməsi üçün əhəmiyyətlidir.
UNESCO BMT sisteminə daxil olan qurum kimi mədəni irsin qorunması sahəsində fəaliyyət göstərsə də, Azərbaycan ərazilərində Ermənistanın törətdiyi bəşəri vandallığı heç vaxt öz adı ilə çağırmayıb. Regionda təhlükəsizlik şəraitinin nisbətən sabitləşməsi, yenidənqurma prosesinin davam etməsi və Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində verdiyi mesajlar belə bir missiyanın reallaşması üçün daha əlverişli zəmin yaradıb. UNESCO-nun Qarabağda aparacağı obyektiv və peşəkar monitorinq ümumilikdə dünya mədəni irsinin qorunması baxımından mühüm addım ola bilər. Belə bir missiya işğal dövründə mədəni irsə dəymiş ziyanın beynəlxalq ekspertiza əsasında qiymətləndirilməsinə, eyni zamanda hazırda həyata keçirilən bərpa işlərinin sənədləşdirilməsinə töhfə verə bilər. Təşkilatın bu istiqamətdə atacağı addımlar onun mədəni irsin qorunması sahəsindəki mandatının praktik icrası və beynəlxalq etimad baxımından da əhəmiyyətlidir. Mədəni irs, humanitar məsələlər və beynəlxalq hüquq prinsipləri siyasi maraqlardan üstün tutulmalı, bütün dövlətlərə eyni meyarlarla yanaşılmalıdır. Yalnız obyektiv və qərəzsiz mövqe beynəlxalq institutların etibarlılığına xidmət edə bilər.
Yeri gəlmişkən, bu məsələdə cəmiyyətin hər bir üzvü fəallıq və həssaslıq nümayiş etdirməlidir. Özünü “bloger” adlandıran bızi antimilli dairələr sosial şəbəkələrdə Azərbaycan haqqında qərəzli və neqativ məzmun yaymaqdansa işğal dövründə Qarabağda tarixi-mədəni abidələrə vurulmuş ziyanın araşdırılması üçün UNESCO-nu obyektiv monitorinq missiyası göndərməyə çağırmalıdırlar. Təəssüf ki, onların bir qismi platformalarından bu kimi məsələlərə diqqət çəkmək əvəzinə, Azərbaycana qarşı ittihamlar və tənqidi məzmun yaymağa üstünlük verir. Bu yolverilməzdir.
Könül Nurullayeva
Milli Məclisin deputatı





















