Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı liderlərinə müraciət edərək ölkəsinin Rusiya ilə davam edən müharibəni 2026-cı ilin sonuna qədər başa çatdırmağa çalışdığını bildirib.
Korrekt.az xəbər verir ki, Aİ sammitində çıxış edən Zelenski vurğulayıb ki, Avropanın gələcəyi və təhlükəsizliyi Ukraynanın müdafiəsi ilə sıx bağlıdır. Onun sözlərinə görə, Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş qaydada üzv qəbul edilməsi həm ölkə, həm də bütövlükdə Avropa üçün ən mühüm təhlükəsizlik təminatlarından biri ola bilər.
Prezident qeyd edib ki, Ukrayna azadlıq, müstəqillik və Avropa dəyərləri uğrunda ağır bədəl ödəyib və bu səbəbdən Aİ üzvlüyünə layiqdir.
Zelenski Avropa ölkələrini Ukraynanın qarşıdan gələn qış mövsümünə hazırlaşmasına dəstək verməyə də çağırıb. O, xüsusilə hava hücumundan müdafiə sistemləri üçün raketlərin və enerji təminatı üçün yanacağın artırılmasının vacibliyini vurğulayıb.
Bununla yanaşı, Ukrayna lideri etiraf edib ki, Aİ-yə sürətləndirilmiş üzvlük məsələsi bütün üzv dövlətlər tərəfindən dəstəklənmir. Məlumata görə, Macarıstan bu mövzu ilə bağlı bəzi ifadələrin sammitin yekun bəyanatından çıxarılmasını tələb edib.
Zelenski çıxışında ABŞ-ın dəstəyinin də vacib olduğunu qeyd edərək, dörd ildən artıqdır davam edən münaqişənin həlli istiqamətində beynəlxalq səylərin gücləndirilməsinin zəruriliyini vurğulayıb. Reuters-in məlumatına görə, Kiyev həm Avropa, həm də ABŞ tərəfdən siyasi və hərbi dəstəyin davam etdirilməsinə ümid edir.





















