Ukrayna Prezidenti Volodimir Zelenski Silah ustası günü münasibətilə etdiyi çıxışda müharibə dövründə hazırlanmış və effektivliyini sübut etmiş 56 növ yerli silahı təqdim edib.
Korrekt.az xəbər verir ki, Ukrayna Prezident Administrasiyasının yaydığı məlumata görə, nümayiş etdirilən arsenal 31 dron, 7 raket sistemi, 4 elektron müharibə kompleksi, 6 yerüstü robot sistemi, 3 pilotsuz dəniz platforması, hava hücumundan müdafiə qülləsi və müxtəlif ixtisaslaşmış zirehli texnikaları əhatə edir.
Zelenski bildirib ki, bu silahlar artıq cəbhədə real döyüş şəraitində sınaqdan çıxarılıb və öz effektivliyini təsdiqləyib.
Təqdim olunan silahlar arasında 3000 kilometrə qədər məsafəni vura bilən “Flamingo” uzaqmənzilli qanadlı raketi xüsusi diqqət çəkir. Bununla yanaşı, “Ruta” və “Peklo” kimi raket-dron sistemləri, həmçinin 300 km mənzilə malik R-360 “Neptun” gəmi əleyhinə raketi də arsenalda yer alır. “Palyanytsya” adlı yeni nəsil dron-raket və “Vilxa” çoxsaylı buraxılışlı raket sistemi də təqdim edilən silahlar sırasındadır.
Ukraynanın istehsal etdiyi uzun mənzilli dronlar da siyahıda mühüm yer tutur. Bunlara 1400 km-ə qədər uçuş məsafəsinə malik “Xichen”, 2000 km mənzilli “Lyutius”, 800 km məsafə qət edə bilən “Morok”, eləcə də “Bars” və “Obriy” kimi kamikadze dronlar daxildir. Yeni nəsil FP-1 dronunun isə 1600 km məsafəyə qədər zərbə endirmək imkanı olduğu qeyd edilir.
Zelenski çıxışında döyüş meydanında getdikcə daha geniş istifadə olunan yerüstü robot sistemlərinə də toxunub. “Ratel H”, “Termit”, “Ardal”, “Lynx”, “Snake”, “Protector” və “Volya-E” kimi platformalar logistika, yaralıların təxliyəsi, kəşfiyyat və döyüş dəstəyi kimi müxtəlif funksiyaları yerinə yetirir.
Dəniz istiqamətində isə “Sea Baby”, “Magura V5” və “Sargan-3000” kimi pilotsuz sistemlər təqdim olunub. Bu platformaların Qara dənizdə əməliyyatlarda, xüsusilə düşmən gəmilərinə qarşı hücumlarda istifadə edildiyi vurğulanıb.
Prezident həmçinin qeyd edib ki, müharibə tarixində ilk dəfə olaraq düşmən mövqeyi yalnız pilotsuz sistemlər – dronlar və yerüstü robotlar vasitəsilə ələ keçirilib. Onun sözlərinə görə, son üç ay ərzində bu tip texnologiyalar cəbhədə 22 mindən çox tapşırığın icrasında istifadə olunub.
Beləliklə, Ukrayna müharibə şəraitində yerli hərbi sənayeni sürətlə inkişaf etdirərək müasir texnologiyalara əsaslanan silah sistemlərinin istehsalını genişləndirir.
























