Bir fermerin ov həvəsi bütöv bir qitənin ekologiyasını dəyişdi. 1859-cu ildə İngiltərədən Avstraliyaya gətirilən dovşanlar qısa müddətdə sürətlə çoxalaraq kənd təsərrüfatına ciddi zərər vurdu. Onların qarşısını almaq üçün hasarlar çəkildi, zəhərli yemlərdən və viruslardan istifadə edildi. Buna baxmayaraq, Avstraliya bu gün də yüz milyonlarla dovşanla mübarizə aparır.
Avstraliyalı fermer Tomas Ostin (Thomas Austin) tarixdə ən böyük ekoloji problemlərdən birinə səbəb olan qərarı ilə yadda qalıb. O, İngiltərədən göndərilən dovşanları öz mülkünə buraxmaqla Avstraliyada onların nəzarətsiz çoxalmasının əsasını qoyub.
Tomas Ostin 1815-ci ildə İngiltərənin Somerset qraflığında orta təbəqəyə mənsub ailədə dünyaya gəlib. Ailəsi 1831-ci ildə Avstraliyaya köçərək qoyunçuluqla məşğul olmağa başlayıb. İngiltərənin toxuculuq fabriklərinə yun satışı həmin dövrdə kifayət qədər gəlirli biznes sayılırdı.
Zaman keçdikcə varlanan Ostin aristokrat həyat tərzinə üstünlük verməyə başlayıb. O, at yarışlarına maraq göstərir, təmizqanlı atlar alır və yetişdirirdi. Geniş torpaq sahələrinə sahib olan fermer ovçuluqla da məşğul olmaq istəyirdi.
Bu məqsədlə o, təxminən 12 min hektar ərazini əhatə edən Barvon Park malikanəsində ovlamaq üçün İngiltərədən çöl dovşanları gətirməyi qərara alıb.
Lakin onun qardaşı Uilyam istədiyi sayda çöl dovşanı tapa bilməyib. Nəticədə Avstraliyaya altı çöl dovşanı və yeddi ev dovşanı göndərilib. Uzun dəniz səfəri zamanı heyvanlar çoxalıb və gəmi Avstraliyaya çatanda onların sayı 24-ə yüksəlib. Tomas Ostin isə dovşanları öz mülkünə buraxıb.
Bu qərarın nəticələri tezliklə gözləniləndən də ağır olub.
Avstraliyanın əlverişli iqlimi, yem ehtiyatlarının bolluğu və dovşanların təbii düşmənlərinin azlığı onların sürətlə çoxalmasına şərait yaradıb. Qısa müddətdə dovşanların sayı on minlərlə, daha sonra isə yüz minlərlə ölçülməyə başlayıb.
1866-cı ildə, yəni ilk dovşanların malikanəyə buraxılmasından təxminən yeddi il sonra, təkcə Barvon Parkda 14 mindən çox dovşan ovlanıb. Lakin bu qədər heyvanın məhv edilməsi belə onların ümumi sayına ciddi təsir göstərməyib.
Dovşanlar tədricən Ostinin mülkündən kənara çıxaraq geniş ərazilərə yayılıblar. Onların sayının artması Avstraliyanın kənd təsərrüfatı və təbii ekosistemləri üçün ciddi təhlükəyə çevrilib.
Dovşanların ot örtüyünü sürətlə məhv etməsi, xüsusilə, qoyunçuluq təsərrüfatlarına ağır zərbə vurub. Hesablamalara görə, 12-16 dovşan bir qoyunun istehlak etdiyi qədər ot yeyə bilir. Nəticədə qoyunların qidalanması çətinləşib, yun istehsalı azalıb, məhsulun çəkisi və keyfiyyəti aşağı düşüb. Bir sıra fermer təsərrüfatları isə iqtisadi çətinliklərlə üzləşib.
Bitki örtüyünün məhv edilməsi torpaqların eroziyasını da sürətləndirib. Beləliklə, bir vaxtlar ovçuluq məqsədilə gətirilən heyvanlar ölkənin kənd təsərrüfatına və ekologiyasına uzunmüddətli zərər vurub.
Avstraliya hökuməti dovşanların yayılmasının qarşısını almaq üçün müxtəlif tədbirlər həyata keçirib. Onların ovlanmasına görə mükafatlar verilib, xüsusi texnika ilə yeraltı yuvalar dağıdılıb, zəhərli yemlərdən istifadə olunub.
Dovşanların ölkənin qərb hissəsinə yayılmasının qarşısını almaq üçün 1901-1907-ci illərdə Qərbi Avstraliyada ümumi uzunluğu təxminən 3 256 kilometr olan üç hasar çəkilib. Məqsəd taxılçılıq və qoyunçuluq üçün mühüm əhəmiyyət daşıyan əraziləri qorumaq idi.
Lakin hasarlar problemi həll etməyib. Dovşanlar onların altını qazaraq keçə və yayılmağa davam edə biliblər.
Məhz bu mübarizə tədbirləri 2002-ci ildə çəkilmiş “Rabbit-Proof Fence” (“Dovşan hasarı”) filminin adına da ilham verib. Bununla belə, filmin süjeti dovşanlardan deyil, Avstraliyada yerli aborigen uşaqların ailələrindən zorla ayrılması və geri qayıtmaq cəhdindən bəhs edir.
Fermerlər dovşanlarla mübarizədə zəhərli kök və dənli bitkilərdən də geniş istifadə ediblər. Lakin ən təsirli üsullardan biri bioloji mübarizə olub.
1950-ci ildə Avstraliyada dovşanlara qarşı miksomatoz virusundan istifadə olunmağa başlanıb. Cənubi Amerika mənşəli bu virus ağcaqanadlar və birələr vasitəsilə yayıla bilirdi.
Virus ilkin mərhələdə dovşanlar arasında yüksək ölüm səviyyəsinə səbəb olub. Bəzi qiymətləndirmələrə görə, yoluxmuş heyvanların 99,8 faizə qədəri məhv olurdu. Nəticədə ölkədəki dovşan populyasiyası kəskin azalıb.
Lakin zaman keçdikcə həm virusun təsir gücü, həm də dovşanların ona həssaslığı dəyişib. Virusa daha davamlı fərdlər sağ qalaraq çoxalıb və populyasiya tədricən bərpa olunmağa başlayıb.
1995-1996-cı illərdə Avstraliyada dovşanların hemorragik xəstəliyi virusundan — RHDV-dən istifadə edilməsi də mübarizədə yeni mərhələ yaradıb. Virus xüsusilə quraq ərazilərdə dovşanların sayının ciddi azalmasına səbəb olub.
2017-ci ildə isə RHDV1-K5 ştammı ölkə ərazisində təbiətə buraxılıb. Bununla belə, virusların təsiri bütün bölgələrdə eyni olmayıb və dovşanların sayını tam nəzarət altına almaq mümkün olmayıb.
Bu gün də Avstraliyada dovşanlarla mübarizə davam edir. Müxtəlif hesablamalarda onların sayının təxminən 200 milyon olduğu göstərilir. Mübarizədə viruslarla yanaşı, yuvaların dağıdılması, zəhərli yemlər və dovşan yuvalarını aşkar etmək üçün xüsusi öyrədilmiş itlərdən istifadə olunur.
Maraqlıdır ki, Avstraliyaya ev dovşanları Tomas Ostinin təşəbbüsündən əvvəl də gətirilmişdi. XVIII əsrin sonlarında ölkəyə gətirilən dovşanlar isə eyni miqyasda ekoloji fəlakətə səbəb olmamışdı.
Tədqiqatçılar sonrakı sürətli yayılmanı bir neçə amillə əlaqələndirirlər: çöl dovşanlarının yeni mühitə uyğunlaşması, əlverişli iqlim, geniş qida ehtiyatları və təbii düşmənlərin azlığı. Ev və çöl dovşanlarının cütləşməsinin bu prosesə təsiri barədə də fikirlər mövcuddur, lakin bunu fəlakətin yeganə səbəbi kimi təqdim etmək düzgün olmazdı.
Genetik tədqiqatlar Avstraliyada invaziv populyasiyanın mənşəyini müəyyənləşdirməkdə mühüm rol oynayıb. Bu araşdırmaların nəticələri Avstraliyadakı yayılmanın Tomas Ostinin gətirdiyi dovşanlarla əlaqəsini təsdiqləyən dəlillər təqdim edir.
Beləliklə, ovçuluq məqsədilə atılan kiçik bir addım zaman keçdikcə bütöv qitənin ekologiyasına təsir göstərən problemə çevrilib. Avstraliyanın dovşanlarla mübarizə təcrübəsi isə təbiətə yad növlərin buraxılmasının uzunmüddətli və gözlənilməz nəticələr doğura biləcəyini göstərən ən məşhur nümunələrdən biri olaraq qalır.
Yadigar Sadıqlı





















