Son günlər Azərbaycanla Türkiyə arasında münasibətlər, xüsusilə Türkiyənin bəzi siyasətçilərinin və media nümayəndələrinin Azərbaycana yönələn açıqlamaları fonunda müzakirə mövzusuna çevrilib.
Korrekt.az xəbər verir ki, ittihamlar və sosial şəbəkələrdəki mübahisələr fonunda iki ölkə arasında iqtisadi münasibətlər də diqqət çəkir.
İqtisadçı Eldəniz Əmirov Azərbaycan və Türkiyənin iqtisadi əməkdaşlığını rəqəmlərlə müqayisə edərək, Azərbaycanın qardaşlıq münasibətlərində üzərinə götürdüyü öhdəlikləri diqqətə çatdırıb:
“Qardaşlar arasında söz-söhbət də olar, narazılıq da. Amma qardaş elə qardaşdır. Bu birincisi.
İkincisi isə heç biz də pis qardaş deyilik. Biz qardaşlığı ən yaxşı yerinə yetiririk. Azərbaycan öz cibindən 100 milyon dollar xərcləyib Qəhrəmanmaraşda yaşayış məhəlləsi saldı. Türkiyə bizim işğaldan azad olunmuş ərazilərimizdə öz hesabına belə bir məhəllə saldımı? Yox. Əksinə, Azərbaycan həmin ərazilərə indiyə qədər 28 milyard manat xərcləyib. Bu vəsaitin kifayət qədər hissəsi Türkiyə şirkətlərinin icra etdiyi layihələrə yönəlib. Onlara imkan yaradılıb ki, gəlib bizim torpaqlarımızda işləsinlər, pul qazansınlar. Hətta əllərinin altında fəhlə işlətdiyi bizim vətəndaşlara yuxarıdan aşağı baxaraq, bəzi hallarda haqlarına girərək.
Bu gün Azərbaycanda 7 minə yaxın Türkiyə şirkəti qeydiyyatdan keçib. Geniş imkanlardan istifadə edirlər. Hətta bəzi şirkətlərin elə ölkəmizin digər ərazilərində də azərbaycanlı işçilərə münasibəti də heç ürəkaçan deyil. Niyə? Çünki özlərini qardaş evindəki kimi rahat hiss edirlər”.
İqtisadçı xatırladır: “Azərbaycan Türkiyəyə 21,1 milyard dollar investisiya yatırıb. Bu, ölkəmizin hazırkı ÜDM-nin təxminən 28%-i qədərdir. Türkiyədə neft emalı, neft-kimya müəssisələri qurub, minlərlə iş yeri yaradıb. Türkiyə isə Azərbaycana öz ÜDM-nın cəmi 1,2 %-i qədər pul yatırıb. Nisbətlərin müqayisəsində təxminən 23 dəfə fərq var.
2025-ci ildə Azərbaycan Türkiyəyə cəmi 597 milyon dollarlıq qeyri-neft məhsulu satıb. Türkiyə isə Azərbaycana 2,34 milyard dollarlıq məhsul ixrac edib. Neft-qaz istisna olmaqla, təxminən 4 dəfə çox onlar bizdən qazanıb”.
Eldəniz Əmirov qeyd edib ki, Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir. Təkcə Türkiyəyə satdığı qaz ümumi ixracımızın 38%-ni təşkil edir. Yəni hamı Azərbaycandan qaz istədiyi bir vaxtda Azərbaycan digər 15 ölkəyə 60%-ni, tək Türkiyəyə 40%-ni satır.
Özü də hansı qiymətə? 2025-ci ildə Türkiyəyə satdığımız qazın 1000 kubmetrinin orta qiyməti 269 dollar, İtaliyaya satdığımızın isə 475 dollar olub. Yəni Türkiyə Azərbaycan qazını İtaliyadan təxminən 43 % aşağı qiymətə alıb.
Odur ki, bizi hansısa məqsədlər üçün qınamaq, Azərbaycanın bu qədər yaxşılığını görməzdən gəlmək günahdır.
Belə də, qardaşlar yenə qardaşdır. Sadəcə, kiçik bir iqtisadi təhlillə göstərmək istədim ki, biz qardaşlığı hər kəsin edə bilməyəcəyi səviyyədə edirik. Amma bu günlər də geridə qalacaq, biz yenə qardaş olacağıq. Ona görə də bu mərhələni səbirlə adlamaq lazımdır”.Musavat.com





















