Məktəblərdə vahid geyim formasının “hicab qadağası” formasında manipulyasiya edilərək, iğtişaşların törədilməsi cəhdlərində xarici qüvvələrin iştirakına dair kifayət qədər fakt var. Hətta məsələnin artıq “hicab” olmadığı, vəziyyətdən sui-istifadə edənlərin baş örtüyü üzərindən Azərbaycana ideoloji hücuma keçdiyi görünür.
Bu qüvvələrdən biri İrandır və o qədər də təəccüblü deyil. Çünki İranın dini-klerikal dairələri İslam dinini hər zaman öz ambisiyalarının alətinə çevirməyə, xüsusilə hicab məsələsi üzərindən Azərbaycanı hədəfə almağa çalışıblar.
İranı anladıq, bəs Türkiyə?
Türkiyədəki marginal dini qrup və təriqət mənsubları da Azərbaycanda məktəbli forması üzərindən təxribat xarakterli kampaniyaya start verib. Son bir neçə gündə Türkiyə hakimiyyəti, mediası və müxtəlif strukturların şəbəkələşmiş dini ideoloji qrupların hücuma keçdiyini müşahidə edirik. Bu qrupların irəli sürdüyü iddialar İrandan gələn tezislərlə eynidir. Əslində Türkiyədən Azərbaycana dini-ideoloji müdaxilə cəhdləri daha öncədən başlayıb, indi məktəblərdə vahid geyim formasının tətbiqi ətrafında yaradılmış süni ajiotajdan istifadə etməyə çalışırlar.
Azərbaycanda “İslam dininə qarşı addım” kimi absurd iddialar irəli sürülür. Halbuki, Azərbaycanda nəinki İslam dini, iddia edildiyi kimi, hicab belə qadağan edilməyib. Məsələ məktəblərdə vahid geyimin tətbiq edilməsindən ibarətdir, təhsil ocağının hasarından kənarda isə hər kəsin etiqad azadlığı birbaşa dövlət tərəfindən qorunur.
Türkiyədəki təqiqət və dini camaat mənsubları isə məsələnui məqsədyönlü şəkildə belə təqdim edir, hicab üzərindən manipulyasiya cəhdləri edirlər. Çünki məqsəd Azərbaycanın dünyəvi dövlət quruluşuna sui-qəsd etmək, dini-ideoloji maraqlarını həyata keçirməkdir.
Bu prosesdə üç məqam xüsusilə diqqət çəkir.
Birincisi, Azərbaycana qarşı informasiya hücumlarında Türkiyə hakimiyyətinin təmsilçiləri də iştirak edir;
İkincisi, Türkiyə hakimiyyətinə yaxın media resurslarında ölkəmizə qarşı genişçaplı qarayaxma kampaniyası aparılır;
Üçüncüsü, dini təriqət və camaat mənsubları kampaniyada aktiv rol oynayır.
Bu məqamlar Azərbaycan cəmiyyətində sual yaradır: Bakıya hücum əmri Ankaradan verilib?
Bu sualın cavabı birmənalı deyil, lakin son dövrlər qardaş ölkədən edilən hücumlarda hakimiyyət dairələrinin iştirakı, yaxud maraqlı olması, eləcə də iqtidara yaxın medianın aktiv yer alması bu şübhələri daha da artırır. Ən əsas məsələ rəsmi Ankaranın Bakıya qarşı hücumlara səssiz qalması Azərbaycan cəmiyyətində narahatlıq doğurur.
Bu, “Bir millət, iki dövlət” prinsipinə xəyanətdir.
Türkiyədə anlamalıdırlar ki, “Bir millət, iki dövlət” formulu iki halda yaşaya bilər.
1. Bir-birinin daxili işlərinə müdaxilə etməmək;
2. Bir-birinin müstəqil dövlət modelini qəbul etmək;
Azərbaycan hər zaman bu prinsiplərə əməl edib və bütün çətin məqamlarda qardaş əlini uzadıb. Vaxtilə Türkiyədə dövlət çevrilişinə cəhd olanda Azərbaycan prinsipal mövqe sərgilədi. Türkiyədə “əsrin zəlzələsi” hesab olunan təbii fəlakətlərdə yenə ilk yardıma gedən Azərbaycan oldu. Türkiyənin qardaş xalqı nə vaxt dara düşübsə, Azərbaycan yardıma gedib. Və bütün bunlarla yanaşı, Türkiyənin daxili siyasi proseslərinə müdaxilə etməyib, hər zaman hörmətlə yanaşıb. Eyni münasibətin Türkiyədən də göstərilməsini gözləyirik.
Türkiyədə anlamalıdırlar ki, Azərbaycanda məktəbli formasının tətbiqi dünyəvi dövlət sisteminin həyata keçirilməsidir, “hicab qadağası” yox.
Türkiyədə anlamalıdırlar ki, Azərbaycan İslam dininin ən çox mühafizə edildiyi, İslam dəyərlərinin yüksək səviyyədə qəbul edildiyi ölkədir. İslamın bütün məzhəbləri Azərbaycanda vəhdət halında, birlik içində yaşayır. Bu reallığı danmaq, Azərbaycanda “İslama qarşı addım” atıldığı iddiasını irəli sürmək qəbuledilməzdir.
Türkiyədə onu da anlamalıdırlar ki, müəyyən qrupların dini təəssübkeşlik zəminində Azərbaycana hücum çəkməsi qardaşlıq ruhuna uyğun deyil.
Azərbaycan cəmiyyəti baş verənlərlə bağlı Türkiyədə ortaya atılan iddiaları, sərgilənən mövqeyi qardaş xəyanəti kimi qəbul edir. Çünki belə münasibətin İran başda olmaqla, digər ölkələrdən sərgilənməsinə adət etmişik. Qardaş ölkə Azərbaycana qarşı hücum edənlərin səfində yer alanda, bizə ağır gəlir. Türkiyədə nəhayət anlamalıdırlar ki, qardaşlıq hüququ xəyanətə haqq qazandıra bilməz.
Asif Nərimanlı





















