Azərbaycanın müasir tarixində elə mühüm günlər var ki, onların əhəmiyyəti yalnız bir tarixlə məhdudlaşmır, sonrakı onilliklərin taleyinə də öz təsirini göstərir. 3 oktyabr 1993-cü il məhz belə tarixi günlərdəndir. Həmin gün keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanan Ulu Öndər Heydər Əliyevin dövlət başçısı seçilməsi müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətinin müəyyənləşməsində mühüm mərhələ oldu. Bu seçim ölkənin ağır siyasi və sosial-iqtisadi böhranla üzləşdiyi bir dövrdə dövlətçiliyin qorunması və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.
1991-1993-cü illər Azərbaycan tarixinin mürəkkəb və sınaqlı mərhələsi kimi yadda qalıb. Siyasi qarşıdurmalar, idarəetmədəki problemlər, iqtisadi çətinliklər və ölkənin parçalanması təhlükəsi müstəqilliyin gələcəyi ilə bağlı ciddi narahatlıq yaradırdı. Belə bir şəraitdə xalqın Ulu Öndər Heydər Əliyevə müraciəti və onun 1993-cü il iyunun 9-da Bakıya gəlməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanmasına səbəb oldu. Ulu Öndərin Gəncədəki hadisələrin qarşısının alınması istiqamətində göstərdiyi qətiyyət, daha sonra dövlət rəhbərliyinə gəlməsi və ölkədə sabitliyin bərqərar edilməsi onun xilaskarlıq missiyasının əsas mərhələlərindən oldu. Ümummilli lider Heydər Əliyevin Prezident seçilməsindən sonra qarşıda duran əsas vəzifə müstəqil dövlətin dayaqlarını möhkəmləndirmək idi. İctimai-siyasi sabitliyin təmin edilməsi, dövlət idarəçiliyinin gücləndirilməsi, ordu quruculuğunun həyata keçirilməsi və Azərbaycanın siyasi-iqtisadi suverenliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Dövlət çevrilişləri cəhdlərinin qarşısının alınması və vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması ölkənin sabit inkişafı üçün zəruri şərait yaratdı.
“Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik” deyən Ulu Öndərin dövlətçilik siyasətinin mühüm istiqamətlərindən biri hüquqi dövlət quruculuğu idi. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi müstəqil dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsində mühüm hadisə oldu. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prinsipləri, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqlarının təminatı dövlətçilik sisteminin əsas istiqamətlərini müəyyənləşdirdi. Sonrakı mərhələdə həyata keçirilən məhkəmə islahatları, Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğvi və digər hüquqi islahatlar dövlət quruculuğu prosesini daha da inkişaf etdirdi. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun mühüm dayaqlarından biri də azərbaycançılıq məfkurəsi idi. Bu ideologiya milli-mənəvi dəyərlərin qorunması, milli özünüdərkin gücləndirilməsi və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların vahid milli ideya ətrafında birləşməsi baxımından mühüm rol oynadı. Ulu Öndərin “Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər – bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir” fikri bu yanaşmanın mahiyyətini aydın ifadə edir.
İqtisadi sahədə həyata keçirilən siyasət də müstəqil Azərbaycanın gələcək inkişafının əsasını təşkil etdi. Ulu Öndərin neft strategiyası Azərbaycanın dünya iqtisadi sisteminə daha geniş inteqrasiyasına imkan yaratdı. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ölkənin enerji potensialının beynəlxalq əməkdaşlığa cəlb edilməsində mühüm mərhələ oldu. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi layihələrin reallaşdırılması Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini artırdı. Ulu Öndərin xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biri tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin həyata keçirilməsi idi. Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi, dünya birliyinə inteqrasiyası, ölkəmizin ərazi bütövlüyü məsələsinin beynəlxalq gündəmdə saxlanılması bu siyasətin mühüm istiqamətlərini təşkil edirdi. Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursunda Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli xüsusi yer tuturdu. Ümummilli lider Heydər Əliyev Ermənistanın Azərbaycanın ərazilərini işğal etməsi faktını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır, ölkəmizin haqq səsinin dünya miqyasında eşidilməsi üçün ardıcıl və məqsədyönlü diplomatik fəaliyyət həyata keçirirdi. Müxtəlif dövlətlərlə aparılan danışıqlar, beynəlxalq tədbirlərdə və sammitlərdə nümayiş etdirilən prinsipial mövqe Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüququn əsas prinsipləri çərçivəsində müdafiə olunmasına xidmət edirdi. Ulu Öndərin müəyyən etdiyi bu xarici siyasət kursu Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə qorunması və ölkəmizin mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
Bu gün 3 oktyabr 1993-cü il hadisələrinə nəzər salarkən aydın görünür ki, həmin tarix Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biridir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs dövlət müstəqilliyinin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi inkişafın təmin edilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində mühüm baza formalaşdırdı. Onun “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır” fikri isə müstəqil dövlətçilik ideyasının mahiyyətini ifadə edən tarixi çağırışlardan biri kimi yadda qaldı.
Samirə Adəmqızı





















