CNN telekanalının yaydığı məlumata görə, ABŞ ordusunun raket ehtiyatları ilə bağlı narahatedici vəziyyət yaranıb.
Korrekt.az xəbər verir ki, ABŞ ordusu İrana qarşı hücumlarla başlayan müharibə zamanı əsas raket ehtiyatlarının əhəmiyyətli hissəsini tükədib. Bu barədə Pentaqon daxilində aparılan qiymətləndirmələrlə tanış olan üç anonim mənbəyə istinad edilib.
Mənbələrin sözlərinə görə, mövcud vəziyyət qısamüddətli risk yaradır və yaxın bir neçə il ərzində də davam edə bilər. Hətta potensial yeni münaqişə baş verərsə, ABŞ-ın sursat ehtiyatlarının tükənməsi ehtimalı irəli sürülür.
Bildirilir ki, Pentaqon bu ilin əvvəlində raket istehsalını artırmaq üçün bir sıra müqavilələr imzalayıb. Lakin sifarişlərin icrası və yeni raketlərin təhvil verilməsi müddəti 3 ildən 5 ilə qədər uzana bilər.
Digər tərəfdən, Pentaqonun mətbuat katibi Şon Parnell CNN-ə açıqlamasında bildirib ki, ABŞ ordusunun maraqlarını qorumaq üçün kifayət qədər geniş imkanlar mövcuddur və bu istiqamətdə işlər davam etdirilir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən yayımlanan təhlilə əsasən, müharibənin son yeddi həftəsində ABŞ ordusu dəqiq zərbə raket ehtiyatlarının ən azı 45 faizini tükədib. Bundan əlavə, THAAD raketdən müdafiə sistemlərinin ən azı yarısı və Patriot hava hücumundan müdafiə ehtiyatlarının demək olar ki, yarısı istifadə olunub.
Təhlildə həmçinin qeyd olunur ki, ABŞ ordusu Tomahawk raket ehtiyatlarının təxminən 30 faizini, uzun mənzilli JASSM raketlərinin 20 faizindən çoxunu, eləcə də “SM-3” və “SM-6” tipli raketlərin təxminən 20 faizini sərf edib.





















