“Bu gün iclasın keçirilib-keçirilməyəcəyi qeyri-müəyyəndir. İdarə Heyətinin toplantısı əleyhinə çıxan keçmiş və ləğv olunmuş ARKİ-nin İdarə Heyətidir. Seçkiyə getməklə uduzacaqlarından qorxmalarıdır. Ən böyük səbəb də hər birinin özünün sədr olmaq istəməsidir”.
Bunu “Yeni Sabah”a Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) əməkdaşı Ülviyyə Əhmədova bildirib.
O qeyd edib ki, hələ Rüstəm İbrahimbəyovun dövründən bəri İttifaqda əsas icraedici şəxs Əli İsa Cabbarov olub:
“Bütün gənclərə hər bir layihələrində bacardığı qədər dəstək olub. Hətta hər kəs İttifaqın əleyhinə çıxanda belə, o, təkbaşına buranı qoruyub saxlaya bilib. Bunun üçün öz karyerasından keçib. Hətta özünə düşmənlər belə qazanıb. 2019-cu ildən bəri İbrahimbəyov özü Rusiyada olduğu üçün əsas icraedici şəxs Əli İsa Cabbarov olub. Rasim Balayevin dövründə də icraedici katib olub.
Sədr seçilməsini də ona görə istəyirik ki, hər zaman bizə dəstək olub və tanıdığımız yeganə ədalətli şəxsdir. Onun əvəz edəcək başqa biri olsaydı, təbii ki, biz həmin şəxsə də dəstək olacaqdıq.
Nizamnamədə olan müddəaya görə, əgər sədr vəfat edibsə və ya səlahiyyətlərini icra etmək bacarığına malik deyilsə, AKİ-nin fəaliyyətini İdarə Heyəti və katiblik davam etdirirr. İttifaqa sədr seçmisi açıq səsvermə ilə keçirilir və qalib şəxs sədr vəzifəsinə təyin olunur. Burada hansısa bir göstəriş rol oynamır”.
Ü.Əhmədova bildirib ki, bu mərhələnin uzadılması və sədrin seçilməməsi isə AKİ-nin yox olması deməkdir:
“Çox təəssüf ki, yaranan vəziyyət belə göstərir ki, bu, bir növ nəsillərarası davadır. Amma ən yaxşı forması o olardı ki, yaşlı nəsil bizi böyüdüb yolumuzu açardı. Amma əksinə deyirlər: “Siz uşaqsınız! Biz sizi qəbul etmirik! Siz kimsiniz, biz olan yerdə?!” Bu da ən pis təhqirdir. Heyif ki, bu mövqedə dayanırlar. Uşaqlıqdan onlardan çox şeyi örnək almışıq. Reallıqda isə vəziyyətin belə olması bizi çox incidir. Bu situasiya da mənfi nəticələrə səbəb ola bilər.
Rasim Balayevin vəfatından sonra İttifaqa sədr seçilməsi məsələsi gündəmə gəldi. Lakin keçmişdə İttifaqı parçalayan komanda bizi qəbul etmir. Bu günə qədər etdikləri də sadəcə seçki mərhələsini uzatmaqdan ibarətdir. Bu mərhələnin uzadılması və sədrin seçilməməsi isə AKİ-nin yox olması deməkdir. Bütün AKİ üzvlərinin narahatlığının da əsas səbəbi budur. Heç bir üzv təşkilatın ləğv olunmasını istəmir. Təəssüf ki, bir neçə ağsaqqal dediyimiz şəxsdən başqa”.
Qeyd edək ki, bu gün saat 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) idarə heyətinin iclası keçiriləcək.
3 gün əvvəl AKİ bəyanat yayaraq qurumda yaranmış böhran vəziyyəti və sədr seçimi ilə bağlı qurultayın tarixini müəyyənləşdiriləcəyini bəyan edib.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) sentyabr ayında növbədənkənar qurultay keçirəcək. Mayın 26-da keçirilən qurultayda qəbul olunan qərarlar Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməyib.




















