ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatların noyabrın 9-da yenidən başlanması ehtimalını müzakirə edir.
Korrekt.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, məsələ ilə bağlı çərşənbə və cümə axşamı günləri Ağ Evdə müzakirələr aparılıb. Mümkün hərbi əməliyyatların noyabrın 9-da başlanması variantı da gündəmə gətirilib.
Mənbələr bu tarixin seçilməsi ehtimalını yeni ayın görünməsi ilə əlaqələndiriblər. Bildirilir ki, bu amilin hərbi əməliyyatların keçirilməsi üçün əlverişli şərait yarada biləcəyi nəzərə alınır.
“Fox News”un məlumatına əsasən, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbi əməliyyatların bərpası üçün hazırlıqları artıq başa çatdırıb.
Bununla belə, komandanlığa əməliyyatların başlanması ilə bağlı hələlik yeni göstəriş verilməyib.
Qeyd edək ki, noyabrın 9-u ilə bağlı məlumat hələlik mümkün ssenarilərdən biri kimi təqdim olunur. ABŞ administrasiyasının hərbi əməliyyatların bərpası ilə bağlı yekun qərar qəbul etdiyi təsdiqlənməyib.





















