ABŞ-nin Yaxın Şərq İnstitutunun (Middle East Institute) baş elmi işçisi Aleks Vatanka hesab edir ki, Vaşinqton TRIPP layihəsi çərçivəsində İranın narahatlıqlarını azaltmaq üçün Tehrana mühüm təhlükəsizlik zəmanəti verə bilər.
Korrekt.az xəbər verir ki, analitikin fikrincə, ABŞ və Ermənistan İranla sərhədə yaxın ərazilərdə ABŞ hərbi və ya təhlükəsizlik qüvvələrinin yerləşdirilməyəcəyini açıq şəkildə bəyan etməklə Tehranın layihə ilə bağlı narahatlıqlarını müəyyən dərəcədə aradan qaldıra bilər.
Vatanka yazır ki, İran əvvəldən TRIPP layihəsini regional maraqları üçün potensial təhdid kimi qiymətləndirib. Bununla belə, Tehranın layihəyə münasibəti ölkə daxilində birmənalı olmayıb.
Onun sözlərinə görə, İrandakı sərt xətt tərəfdarları “Amerika dəhlizi” adlandırdıqları layihənin yaradılmasının qarşısını almağa çağırdıqları halda, Prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı daha ehtiyatlı və nisbətən müsbət mövqe nümayiş etdiriblər.
Ekspert qeyd edib ki, son dövrlərdə İranın mövqeyi daha çox şərti xarakter daşımağa başlayıb. İranın Ermənistandakı səfiri də Tehranın layihəyə münasibətinin onun İran üçün geosiyasi və ya geoiqtisadi təhlükəsizlik təhdidi yaradıb-yaratmamasından asılı olacağını bildirib.
Səfir eyni zamanda regional tranzit və nəqliyyat layihələrində bölgə ölkələrinin maraqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb.
Vatankanın fikrincə, İranın Zəngəzur layihəsi ilə bağlı narahatlığı yalnız nəqliyyat marşrutu ilə məhdudlaşmır. Bu narahatlıqlar ABŞ-nin Cənubi Qafqazda artan fəallığı, Türkiyənin regional rolunun güclənməsi və İsraillə Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı daha geniş geosiyasi məsələləri də əhatə edir.
Analitik hesab edir ki, Tehran bu prosesləri ABŞ-nin İranı regional səviyyədə mühasirəyə almaq strategiyasının mümkün elementləri kimi qəbul edə bilər.
Vatanka bildirib ki, Ermənistan və Azərbaycan İranın razılığı olmadan ABŞ və ya digər dövlətlərlə layihə üzrə müxtəlif razılaşmalar imzalaya bilər. ABŞ də İranın razılığı olmadan layihənin maliyyələşdirilməsində və ya infrastrukturun idarə edilməsində iştirak edə bilər.
Bununla yanaşı, ekspertin fikrincə, İran strateji və coğrafi mövqeyinə görə regional proseslərdən tamamilə kənarda qala bilməz və bu amil Tehranın Cənubi Qafqazdakı əhəmiyyətini qoruyub saxlayır.
“TRIPP layihəsinin ABŞ və İran arasında yeni qarşıdurma mövzusuna çevrilməsinin qarşısını almaq üçün Vaşinqton və İrəvan Tehrana açıq şəkildə zəmanət verməlidir ki, layihə çərçivəsində İranla sərhəd bölgəsində ABŞ hərbi qüvvələri yerləşdirilməyəcək”, – Aleks Vatanka vurğulayıb.





















