Goranboy rayonunun Teyyub Abbasov adına Baxçakürd kənd tam orta məktəbində direktor təyinatı, vakant vəzifəyə işə qəbul və məktəbdaxili vəzifələrin bölüşdürülməsi ilə bağlı bir sıra iddialar səsləndirilir.
Redaksiyamıza müraciət edən Qarabağ müharibəsi qaziləri Valeh Hüseynov, Ramal Məmmədov, Firuz Məmmədov və Elşad Həsənov məktəbdə vakant qarovulçu vəzifəsinə müraciət etdiklərini, lakin işə qəbul edilmədiklərini bildirirlər.

Şikayətçilərin sözlərinə görə, onlar vakant vəzifə ilə bağlı dəfələrlə məktəb rəhbərliyinə müraciət etsələr də, sənədləri geri qaytarılıb. Onların iddiasına görə, nəticədə həmin vəzifəyə kənddə yaşayan və hərbi xidmət keçməyən başqa bir şəxs qəbul edilib.

Qazilər daha ciddi iddia da irəli sürürlər. Onlar həmin şəxsin işə qəbul olunması müqabilində məktəb rəhbərliyinə pul verildiyini bildirirlər.
Müraciətdə məktəbin direktoru Lalə Əliyevanın təyinatı ilə bağlı da suallar qaldırılır.
Şikayətçilərin bildirdiyinə görə, Əliyeva Lalə Nəriman qızı direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsindən keçməyib. Buna baxmayaraq, onun əvvəlcə 2023-cü ilin sentyabrında Daşkəsən rayonunun Bayan kənd tam orta məktəbinə, həmin ilin dekabrında isə Goranboy rayonunun Teyyub Abbasov adına Baxçakürd kənd tam orta məktəbinə direktor təyin edildiyi bildirilir.
Bu təyinatların hansı hüquqi və inzibati əsaslarla həyata keçirildiyi ilə bağlı redaksiyanın suallarına Goranboy Rayon Təhsil Sektorunun müdiri Vüsal Cəfərov cavab verib.
Sektor müdiri məsələ ilə bağlı sualların onların səlahiyyətinə aid olmadığını bildirib. O, həmçinin müsabiqənin müvafiq mərhələsindən keçmədiyi iddia olunan şəxsin direktor vəzifəsinə necə təyin edilməsi məsələsinin də sektorun səlahiyyətində olmadığını qeyd edib.
Redaksiyaya daxil olan müraciətdə məktəb direktorunun katibəsinin sinif rəhbəri kimi fəaliyyət göstərməsi ilə bağlı da iddia səsləndirilir.
Şikayətçilərin sözlərinə görə, məktəbin katibəsi iki sinifdə sinif rəhbərliyi həyata keçirir, lakin sənədlərdə sinif rəhbəri kimi başqa şəxsin adı göstərilir.
Onların bildirdiyinə görə, söhbət, xüsusilə, 5-ci siniflərdən birində sinif rəhbəri kimi fəaliyyət göstərən Hüseynova Ulduz Sabir qızından gedir.
Məsələ ilə bağlı Goranboy rayonunun Teyyub Abbasov adına Baxçakürd kənd tam orta məktəbinin direktoru Lalə Əliyevanın da mövqeyini öyrənmək üçün onun mobil telefonuna dəfələrlə zəng etdik. Lakin direktorla əlaqə saxlamaq mümkün olmadı.





















