Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” və Qətərin “Qatar Airways” aviaşirkətləri regionda yaranmış gərginlik səbəbindən Səudiyyə Ərəbistanına bəzi uçuşları müvəqqəti dayandırıb.
Korrekt.az xəbər verir ki, “Etihad Airways” Əbu-Dabidən Səudiyyə Ərəbistanının Ər-Riyad, Ciddə və Dammam şəhərlərinə həyata keçirilən reyslərin ləğv edildiyini açıqlayıb.
Aviaşirkətin rəsmi saytında yayılan məlumata görə, Əbu-Dabi–Ər-Riyad marşrutu üzrə uçuşlar oktyabrın 19-dək ləğv edilib. Dammam və Ciddə istiqamətlərində də uçuşlar dayandırılıb. Şirkət sərnişinlərə bölgədəki vəziyyətin dəyişə biləcəyi barədə xəbərdarlıq edib.
Qətərin milli aviadaşıyıcısı “Qatar Airways” də təhlükəsizlik vəziyyəti ilə əlaqədar Ər-Riyad və Dammam şəhərlərinə və bu şəhərlərdən uçuşları müvəqqəti dayandırdığını bildirib.
Şirkət regiondakı vəziyyəti yaxından izlədiyini və müvafiq dövlət qurumları ilə əlaqələndirmə apardığını qeyd edib. Sərnişinlərə uçuşlarının statusunu aviaşirkətin rəsmi internet saytı və ya mobil tətbiqi vasitəsilə yoxlamaq tövsiyə olunub. Bildirilib ki, uçuşları təsirlənən sərnişinlərlə əlaqə saxlanılacaq.
Məlumatda uçuşların dayandırılmasının husilərin Səudiyyə Ərəbistanındakı hava limanlarına təşkil etdiyi bildirilən hücumlarla əlaqəli olduğu qeyd edilir. Bildirilir ki, həftəsonu Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində 14 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Oktyabrın 11-də isə Dammam Beynəlxalq Hava Limanının hücuma məruz qaldığı iddia olunur.
Qeyd edək ki, uçuşların bərpa olunma vaxtı ilə bağlı yekun qərar bölgədəki təhlükəsizlik vəziyyətindən asılı olacaq.





















