Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən “Arzum” ləqəbli bloger İlduzə Hacıyeva apellyasiya şikəyəti üzrə məhkəməsi başlayıb.
Korrekt.az xəbər verir ki, İlduzə Hacıyeva kanvoyun müşayəti ilə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilib.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. Arzum məhkəmə zalından azad olunub.
Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, “Arzum” ləqəbli bloger İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəza nəticəsində qarşı tərəfdən 1 nəfər ölüb, digəri isə ağır xəsarət alıb.
“Arzum” ləqəbli blogerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb./unikal/





















