image-1backend

Atlantik Şurası: Putin Ukraynanı zəiflətmək əvəzinə regionun ən güclü ordularından birinin formalaşmasına şərait yaradıb

image-ads-728x90

Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibənin əsas məqsədlərindən biri kimi təqdim edilən “demilitarizasiya” siyasəti gözlənilən nəticəni verməyib. Əksinə, son dörd ildə Ukrayna ordusu dünyanın ən güclü və texnoloji cəhətdən inkişaf etmiş hərbi qüvvələrindən birinə çevrilib. Bu barədə Atlantik Şuranın analitiki Peter Dickinson təşkilatın rəsmi saytında dərc olunan məqaləsində bildirib.

Müəllif qeyd edir ki, uzun müddət beynəlxalq ictimaiyyətdə Rusiyanın müharibədə üstünlük əldə edəcəyi qənaəti hakim olsa da, 2026-cı ildən etibarən Ukrayna ilə bağlı qlobal yanaşmada ciddi dəyişiklik müşahidə olunur. Hazırda bir çox ekspertlər müharibədə təşəbbüsün Ukraynanın xeyrinə dəyişdiyini və gələcəkdə Kiyevin üstün mövqeyə sahib ola biləcəyini istisna etmirlər.

Analitik vurğulayır ki, Ukraynanın hərbi potensialının güclənməsi təkcə cəbhədə müdafiə qabiliyyətinin artması ilə məhdudlaşmır. Ukrayna Silahlı Qüvvələri artıq düşmən hədəflərini cəbhə xəttindən minlərlə kilometr uzaqlıqda vurmaq imkanına malikdir.

Məqalədə bildirilir ki, Ukraynanın hərbi transformasiyası 2014-cü ildə Rusiyanın ilk işğal cəhdlərindən sonra başlayıb. Həmin dövrdə ölkədə yaranan könüllü hərəkat və həyata keçirilən genişmiqyaslı islahatlar ordunun sayının və döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Peter Dickinsonun sözlərinə görə, xüsusilə 2022-ci ildən sonra Ukrayna ordusu sürətlə modernləşərək yeni taktiki yanaşmalar tətbiq edib, gənc komandirlərin önə çıxmasına şərait yaradıb və texnoloji innovasiyaları uğurla döyüş meydanına inteqrasiya edib.

Müəllif qeyd edir ki, Ukrayna bu gün pilotsuz uçuş aparatları sahəsində dünya liderlərindən biri hesab olunur. Ukrayna müdafiə sənayesi tərəfindən hazırlanan müasir dron sistemləri döyüş əməliyyatlarında mühüm üstünlük qazandırmaqla yanaşı, Rusiyanın dərinliklərində yerləşən strateji hədəflərə zərbələr endirməyə imkan verir.

Analitik hesab edir ki, Ukraynanın əldə etdiyi hərbi təcrübə artıq NATO ölkələrinin də diqqətini cəlb edib. Bir sıra dövlətlər ukraynalı mütəxəssislərin təcrübəsindən yararlanmağa çalışır, Qərb ölkələrində isə Ukrayna şirkətləri ilə birgə pilotsuz uçuş aparatlarının istehsalı layihələri həyata keçirilir.

Məqalədə vurğulanır ki, yaranmış vəziyyət Kreml üçün ciddi strateji problem yaradır. Belə ki, Rusiya Prezidenti Vladimir Putin müharibənin əvvəlində Ukraynanın hərbi potensialını zəiflətməyi qarşıya məqsəd qoysa da, nəticədə sərhədləri yaxınlığında daha güclü və döyüş təcrübəsinə malik bir ordunun formalaşmasına səbəb olub.

Atlantik Şuranın analitiki hesab edir ki, ABŞ-ın Avropanın təhlükəsizlik sistemində rolunun azalması ilə bağlı müzakirələrin getdiyi bir dövrdə Avropa dövlətləri Ukraynanı getdikcə daha vacib təhlükəsizlik tərəfdaşı kimi qiymətləndirirlər. Onun fikrincə, gələcəkdə Ukraynanın Avropanın təhlükəsizlik arxitekturasında daha mühüm yer tutacağı ehtimalı yüksəkdir.

Müəllif məqaləsini belə yekunlaşdırır: Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Kremlin qarşısını almağa çalışdığı nəticəni – hərbi baxımdan daha güclü və təsirli Ukraynanın formalaşmasını sürətləndirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki