Martın 12-də Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Turizm işi” kafedrasında kafedra müdiri, dosent Hafiz Hüseynovun dəvəti və təşəbbüsü ilə Azərbaycan turizm sənayesi nümayəndələri ilə görüş təşkil olunub.
Zefer.media xəbər verir ki, görüşdə “Bakı Turizm Ekskursiya” MMC – nin nümayəndəsi Əlixan Mürvətov, “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Quliyev ,”Turan Qastro Turizm” Mərkəzinin icraçı direktoru Doğan Tomris və “Zəfər” travelin direktoru Nuray Əliyeva iştirak ediblər.
Tədbirin əsas məqsədi ali təhsil müəssisəsi ilə turizm sənayesi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, tələbələrin əmək bazarının real tələbləri ilə daha yaxından tanış olması, eləcə də gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə dəstək göstərmək olub.
Görüş zamanı turizm təhsilinin inkişafı, əmək bazarının gözləntiləri və müasir sənaye tələblərinə cavab verən kadr hazırlığının əhəmiyyəti geniş müzakirə edilib. Xüsusilə, “Universitet-Sənaye Körpüsü” adlandırılan strateji tərəfdaşlıq modelinin tətbiqi məsələsi ön plana çəkilib. Bildirilib ki, bu modelin əsas məqsədi universitetlərdə verilən nəzəri biliklərlə sənayenin praktik ehtiyacları arasında dayanıqlı və səmərəli əlaqə yaratmaqdır. Tədbirdə qonaqlar tərəfindən vurğulanıb ki, Azərbaycanda HoReCa (Hotel, Restaurant, Catering/Café) sektoru hər il minlərlə mütəxəssisə ehtiyac duyur. Buna baxmayaraq, mövcud vəziyyət göstərir ki, ali məktəblərdən məzun olan gənclərin əhəmiyyətli hissəsi əmək bazarına əsasən nəzəri biliklərlə daxil olur. Bu isə bir tərəfdən gənclər arasında işsizliyin artmasına, digər tərəfdən isə turizm və qonaqpərvərlik sənayesində peşəkar kadr çatışmazlığının dərinləşməsinə səbəb olur. Müzakirələr zamanı qeyd edilib ki, müasir dövrdə turizm sənayesinin davamlı inkişafı üçün yalnız klassik ixtisaslarla kifayətlənmək mümkün deyil. Sektorun tələblərinə uyğun olaraq yeni və çevik ixtisasların yaradılması, kurikulumların yenilənməsi, tələbələrin daha erkən mərhələdə praktiki təcrübəyə cəlb olunması mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, universitet-sənaye əməkdaşlığının institusional səviyyədə gücləndirilməsi gələcəyin rəqabətqabiliyyətli mütəxəssislərinin hazırlanmasında vacib rol oynayır.
Qonaqlar çıxışlarında turizm sənayesində müşahidə olunan aktual çağırışlar, kadr hazırlığında keyfiyyət meyarları, beynəlxalq təcrübənin tətbiqi və tələbələrin peşəkar bacarıqlarının artırılması istiqamətində fikirlərini bölüşüblər.
Eyni zamanda, tələbələr üçün təcrübə proqramlarının, mentorluq mexanizmlərinin və işə hazırlıq platformalarının genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb. Görüş iştirakçıları belə tədbirlərin tələbələrin peşəkar inkişafında, sənaye ilə birbaşa təmas qurmasında və gələcək karyera planlamasında mühüm rol oynadığını bildiriblər.
Qeyd olunub ki, ali təhsil müəssisələri ilə sənaye nümayəndələrinin bir masa arxasında toplaşması həm tədris prosesinin təkmilləşməsinə, həm də əmək bazarına daha uyğun məzun profilinin formalaşmasına xidmət edir. ATMU-da keçirilən bu görüş bir daha göstərib ki, turizm təhsilinin gələcəyi nəzəriyyə ilə praktikanın inteqrasiyasından, tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsindən və əmək bazarının çağırışlarına çevik cavab verən yeni yanaşmaların tətbiqindən keçir.
Tədbirin sonunda qonaqlar iştirakçıları maraqlandıran sualları cavablandırdılar.






















