Hikmət Hacıyevin Ermənistanın Azərbaycan xalqından üzr istəməli olduğu barədə açıqlaması sülh prosesində tarixi məsuliyyət və qarşılıqlı etimad məsələlərini yenidən gündəmə gətirir. Rəsmi Bakının revanş niyyətində olmadığını vurğulaması fonunda Ermənistanın bu çağırışa münasibəti və davamlı sülh naminə atacağı addımlar diqqət mərkəzindədir.
Ermənistanın Azərbaycan xalqından üzr istəməsi sülh prosesində real dönüş yarada bilərmi, yoxsa bu məsələ daha çox siyasi və mənəvi məsuliyyət çərçivəsində qalacaq?
Tarixi hadisələrə görə məsuliyyətin etiraf olunması Azərbaycanla Ermənistan arasında etimadın bərpasına və uzunmüddətli sülhün təmin edilməsinə nə dərəcədə təsir göstərə bilər?
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Hikmət Hacıyevin “Ermənistan Azərbaycan xalqından üzr istəməlidir” bəyanatını doğru hesab edir.
“Nəzərə almaq lazımdır ki, praktikada belə bir presedent var. İkinci Dünya müharibəsindən sonra Almaniyada və bu ölkənin nəzarətində olan ölkələrdə yəhudilərin qul kimi işlədilməsinə, soyqırıma məruz qalmalarına, mənəvi zərərə görə üzr istəməklə kompensasiya ödənilmişdir. Erməni faşizminin Azərbaycan xalqına qarşı etdikləri, nasional-sosialistlərin cinayətləri ilə üst-üstə düşür”, – deyə deputat bildirib.
Deputat deyib ki, Ermənistanın nəyə görə üzr istəməli olduğu sualına konkret faktlarla cavab verə bilərik:
1988-ci ildən başlayaraq Ermənistandan, Dağlıq Qarabağdan və ətraf rayonlardan bir milyondan artıq soydaşımızın sürgün edilməsinə;
Xocalıda və digər yaşayış məntəqələrində törədilən soyqırımı aktlarına;
Şuşanın, Laçının, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Cəbrayılın, Füzulinin və Ağdamın işğalına, yerlə-yeksan edilməsinə, təbiətə, ekologiyaya və tarixi-mədəni irsə vurulan zərərə görə Ermənistan üzr istəməlidir.
Nəsib Məhəməliyev vurğulayıb ki, sadalananların hər biri beynəlxalq humanitar hüququn predmetidir və Haaqa və Cenevrə konvensiyalarının müddəalarının pozulmasıdır.
Deputat hesab edir ki, tarixi hadisələrə görə məsuliyyətin etiraf olunması, təbii ki, iki ölkə arasında etimadın bərpasına və dayanıqlı sülhün əldə olunmasına müsbət təsir göstərmiş olardı:
“Ancaq realist olmalıyıq. Cinayətləri, səhvləri etiraf etmək alicənablıqdır. Hazırkı vəziyyətdə isə həm Ermənistan dövləti, həm də erməni xalqı alicənablıq hisslərindən, humanizmdən çox uzaqdır. Ola bilər, gələcək nəsillərin hadisələrə fəlsəfi baxışlarında, şüurlarında müəyyən dəyişikliklər baş versin. Hələlik isə qeyri-mümkün görünür”.





















