İranın milli aviadaşıyıcısı “Iran Air”ın əvvəlki internet domeni — iranair.com ünvanının bloklandığı açıqlanıb.
Korrekt.az xəbər verir ki, şirkətin məlumatına görə, ABŞ sanksiyalarından sonra rəsmi internet saytının ünvanı iranair.ir olaraq dəyişdirilib.
Sərnişinlər onlayn bilet almaq üçün isə ebooking.iran.ir ünvanından istifadə edə bilərlər. Aviaşirkət sərnişinlərə məlumat əldə etmək, elektron xidmətlərdən yararlanmaq və bilet sifariş etmək üçün yeni internet ünvanlarına müraciət etməyi tövsiyə edib.
Şirkət iranair.com domeninin hansı qurum və ya şirkət tərəfindən bloklandığını, bunun konkret olaraq hansı sanksiyalarla bağlı olduğunu və bloklamanın dəqiq nə vaxt baş verdiyini açıqlamayıb.
Qeyd edək ki, ABŞ-ın 2018-ci ildə nüvə sazişindən çıxmasından sonra, həmin ilin noyabrından etibarən “Iran Air” ABŞ sanksiyalarına məruz qalıb. ABŞ Maliyyə Nazirliyi o zaman aviaşirkətin 67 təyyarəsini də dondurulmuş aktivlər siyahısına daxil edib.





















