Aviasiya sənayesi sürətlə yeni texnologiyalara doğru irəliləyir. Mütəxəssislər hesab edirlər ki, gələcək onilliklərdə bu gün geniş istifadə olunan Boeing və Airbus təyyarələrinin yerini daha sürətli, daha qənaətcil və ekoloji cəhətdən təmiz yeni nəsil hava gəmiləri tuta bilər.
Korrekt.az xəbər verir ki, hazırda ABŞ, Avropa və Çin müxtəlif innovativ layihələr üzərində işləyir. Onların arasında səsdən sürətli, hidrogenlə işləyən, tam elektrik mühərrikli və tamamilə yeni aerodinamik quruluşa malik təyyarələr var.
JetZero Z4 – yeni aerodinamik konsepsiya
ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən JetZero şirkətinin hazırladığı Z4 modeli “qarışıq qanad-füzelyaj” (Blended Wing Body – BWB) dizaynı ilə diqqət çəkir. Bu konstruksiya sayəsində təyyarənin yanacaq sərfiyyatının ənənəvi sərnişin təyyarələri ilə müqayisədə təxminən 50 faiz azalacağı gözlənilir.
250 sərnişin üçün nəzərdə tutulan Z4 geniş salonu, 9 260 kilometrə qədər uçuş məsafəsi və daha aşağı istismar xərcləri ilə seçilir. Təyyarənin ilk sınaq uçuşunun 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Boom Overture – “Concorde”un varisi
ABŞ-ın Boom Supersonic şirkətinin hazırladığı Overture layihəsi müasir səsdən sürətli sərnişin təyyarəsi kimi təqdim olunur.
60-80 sərnişin daşıya biləcək təyyarənin 1,7 Max sürətlə uçacağı, Nyu-York–London marşrutunu təxminən 3 saat 40 dəqiqəyə qət edəcəyi bildirilir. Layihənin əsas məqsədlərindən biri “Concorde”un ən böyük çatışmazlığı hesab olunan yüksək səs dalğasını minimuma endirməkdir.
Airbus ZEROe – hidrogenlə işləyən gələcək
Avropanın aviasiya nəhəngi Airbus isə ZEROe proqramı çərçivəsində hidrogen yanacağı ilə işləyən sərnişin təyyarələri hazırlayır.
Layihəyə müxtəlif tipli – turbofan, turbovintli və qarışıq qanad-füzelyaj konstruksiyalı modellər daxildir. Şirkət bu təyyarələrin karbon emissiyasını demək olar ki, sıfıra endirəcəyini bildirir.
Bununla yanaşı, hidrogen infrastrukturunun yaradılması və texnoloji çətinliklər səbəbindən layihənin kommersiya istifadəsi 2040-cı illərə qədər təxirə salınıb.
Elysian E9X – elektrik mühərrikli regional təyyarə
Niderlandın Elysian Aircraft şirkəti isə tam elektrik mühərriki ilə işləyən E9X layihəsini inkişaf etdirir.
90 sərnişin üçün nəzərdə tutulan təyyarənin 750–1000 kilometr məsafə qət edə biləcəyi gözlənilir. Altı elektrik mühərriki ilə təchiz ediləcək E9X-in əsas üstünlükləri aşağı emissiya, istismar xərclərinin azalması və yüksək etibarlılıq hesab olunur.
Şirkət layihəni 2030-cu illərin əvvəllərində kommersiya istifadəsinə verməyi planlaşdırır.
COMAC C949 – Çinin səsdən sürətli layihəsi
Çinin dövlət aviasiya şirkəti COMAC da C949 adlı yeni səsdən sürətli sərnişin təyyarəsi üzərində işləyir.
Layihəyə əsasən, təyyarə saatda 1 960 kilometr sürət yığacaq və 11 min kilometrədək məsafə qət edə biləcək. C949-in Şanxay–Los-Anceles marşrutunu təxminən 5 saata başa vuracağı iddia edilir.
Təyyarənin 2049-cu ildə – Çin Xalq Respublikasının yaranmasının 100 illiyi münasibətilə istifadəyə verilməsi nəzərdə tutulur.
Hansı layihələrin uğur qazanacağı hələ məlum deyil
Mütəxəssislərin fikrincə, təqdim olunan layihələrin hamısı kommersiya istismarına çatmaya bilər. Bəzi konsepsiyalar maliyyə və texnoloji çətinliklər səbəbindən dayandırıla, digərləri isə ciddi dəyişikliklərə məruz qala bilər.
Bununla belə, JetZero Z4 və Boom Overture layihələri artıq sınaq mərhələsinə yaxınlaşdığı üçün onların gələcəkdə mülki aviasiyada tətbiq olunması daha real hesab edilir. Airbus, Elysian və COMAC layihələrinin taleyi isə əsasən texnologiyanın inkişaf sürəti və investisiya imkanlarından asılı olacaq.





















